Azərbaycan.media Meyxoş Abdullahın, şair-yazıçı, tərcüməçi Təranə xanım Məmmədlə müsahibəsini təqdim edir:
– Təranə xanım, xoş gördük sizi. Necəsiniz?
– Sağ olun. Yaxşı olasınız.
– Mənim üçün, həm də, oxucular üçün maraqlıdır, Təranə xanım bir neçə cümləylə özünü oxucularına necə təqdim edə bilər?
– Hər şeydə tarazlığı, gündəlik həyatda təmkinli olmağı sevən, özünə və ona hörmət edənlərə son dərəcə hörmətlə yanaşan adi bir insan.
– İnsan üçün ən əziz və şirin xatirələrlə dolu uşaqlıq illəridir. O illəri necə xatırlayırsınız? O atalı-analı günlərinizdən yadda qalan və heç vaxt unudulmayan bir hadisəni bizlərlə bölüşə bilərsinizmi?
– Uşaq yaddaşı çox güclü olur. Bu haqda hekayəm də var. Desəm ki, o uzaq illərin hər gününü xatırlayıram və unutmuram, yəqin ki, inanarsınız. İlk dəfə məktəbə getdiyim gün, atamın əlimdən tutub mənə hərfləri yazmağı öyrətdiyi, anamın saçlarımı darayıb hörüklərə yığmağı, babamın Ağdamın Poladlı kəndindəki evi, qohumlar, bibilərim, əmilərim, xalam. İndi bunları söylədikcə o gözəl günlər kino lenti kimi keçir gözümün önündən. Həqiqətən o dövrün hər günü bir gözəl xatirədir.
– Sizin atanız vəzifəli və tanınmış şəxs olub. Məsələn, mənim və yüzlərlə mənim kimi insanların valideynləri isə kasıb və ehtiyac içərisində yaşayan şəxslər olubdur. Xoşbəxt böyüsək də, çox şeyə tamarzı qalmışıq. Maraqlıdır, siz uşaqlıqda nəyə ehtiyac duymusunuz?
– Əslində atamın vəzifəli şəxs olduğu dövr məndən çox qardaşımın və bacılarımın payına düşüb. Mən sonbeşik olmuşam və ağlım kəsəndə artıq atam təqaüddə idi. Amma atamın uzun illər hüquq mühafizə orqanlarında işlədiyi illərdə qazandığı hörmət və nüfuz həmişə ailəmizə mənəvi dayaq olub. Atamla anam hər kəsə örnək ola biləcək elə bir bir ailə qurmağı bacarıblar ki, bu ailədə uşaqlar heç vaxt heç nəyə ehtiyac duymayıblar.
Yeri gəlmişkən qeyd edim ki, valideynlərim ən zəngin vaxtlarında həmişə ehtiyacı olan insanlara əl uzadıblar. Anam danışırdı ki, uzaq müharibə illərində atam hərbi komissarlıqda işləyəndə qonşuların uşaqları ac qalmasınlar deyə gecə maşını həyətə sürər, yük yerini açar və qonşuları çağırarmış ki, gəlib ərzaq götürsünlər. Bənzər hadisələri mənə canlı şahidlər danışıblar. Atamın yas mərasimində tanımadığımız bir yaşlı kişinin rayondan gəlib bizə başsağlığı verməsi yadımdadır. O kişi ağlaya-ağlaya deyirdi ki, atanız olmasaydı mənim balalarım açından ölərdi. Atamın elədiyi yaxşılıqları biz çox -çox sonralar bilərdik.
– Təranə xanım, siz nə vaxt hiss etdiniz ki, gələcəkdə böyük adam olacaqsınız? Yox, gəlin zarafata salmayaq, həqiqətən, ciddi olaraq soruşuram. Siz şair, rəssam, tanınmış yazıçı, tərcüməçi və Milli Təhlükəsizlik Nazirliyinin sabiq Polkovnik-leytenantısınız. Bunlar olduqca böyük titullardır, elə deyilmi?!
– Əvvəla, onu deyim ki, mən özümü böyük adam hesab etmirəm, çünki sadaladıqlarınıza yiyələnmək hələ böyük adam olmaq deyil. Bəlkə bir qədər fərqliyəm. Belə desəydiniz razılaşardım sizinlə. Yəni bir incə, zərif qadının payına bir neçə məsuliyyəti iş düşübsə və o, bu işlərin öhdəsindən gələ bilibsə, yəqin ki, bu daha çox fərqlilik kimi qəbul edilə bilər.
Fərqliliyimi hələ uşaqlıqdan hiss ediridim. Məsələn, bəzi hadisələrin baş verəcəyini əvvəlcədən bilirdim, insanları tanımaq qabliyyətim var idi. Uşaqlıqdan kitabları çox sevirdim. Atamın zəngin kitabxanası var idi. Mən o kitabları həvəslə oxuyurdum. İndi düşünürəm ki, əldə etdiklərimin çoxu uşaqlıqda qoyulan təməlin nəticəsidir.
– Həyat yoldaşınız, mərhum Etibar müəllimi mən də yaxşı tanıyırdım. Gözəl insan idi. Mənim “Əsir qadın” əsərimin tərcüməsində onun da böyük əməyi olmuşdur. Xahiş edirəm, onu da yad edək və bir az Etibar müəllim haqqında danışın. Nə vaxt onunla tanış oldunuz, nə vaxt ailə qurdunuz? Onun itkisi indi sizi hansı çətinliklərlə üz-üzə qoymuşdur?
– Mərhum həyat yoldaşım ailəmizin ictimailəşməsini sevmirdi. Mən də onunla tam razılaşmışdım. Əgər fikir vermisinizsə mən heç vaxt heç bir müsahibədə, heç bir paylaşımda ailə üzvlərimdən, ailəmdə baş verənlərdən danışmıram. Biz “Bizim ev bizim qalamızdır” ifadəsinə həmişə sadiq qaldıq. Düşünürəm ki, indi nəsə desəm, nəyisə açıqlasam yoldaşımın ruhunu incitmiş olaram.
Bir onu deyim ki, ailəmizdə hər ikimiz yeganə övladımızın gələcəkdə valideynlərini qürur və fəxr hissi ilə xatırlamağı üçün əlimizdən gələni etmişik.
– Sizin “Sirr” romanınızı oxumuşam. Möhtəşəm əsərdir. Ümumiyyətlə, sirr nədir və yaxşı insanlar niyə sirr saxlaya bilmirlər? Elə götürək sizin özünüzü, romanınızın adını “Sirr” qoysanızda, əsərin sonunda qəhrəmanın bütün sirrləri açılır.
– Əsərimə verdiyiniz yüksək qiymətə görə təşəkkür edirəm. Sirr hər hansı bir məlumatın, xəbərin aşkar olunana qədərki halıdır. “Bütün sirlər sonda aşkar olur” kimi ifadəni yəqin eşitmisiniz.
Dzerjinski deyirdi ki, ancaq yaxşı tərbiyə almış insan sirr saxlaya bilər. Sizin “yaxşı adamlar sirr saxlaya bilmirlər” ifadənizlə razılaşmıram. Mən romanda gəhrəmanımın sirrini oxuçuya aça bilərəm, amma mənə etibar edilən sirri heç vaxt açmaram. Belə olmasaydı ömrümün çox hissəsini məhz dövlət sirlərini qorumağa və onları ölənəcən açmamağa həsr etməzdim.
– Ara-sıra şeirlər yazırdınız, elə indi də yazırsınız. Gözəl şeirlərdir, həqiqətən. Bəs, niyə nəsrə keçdiniz? Hələ, dram əsərləriniz də var, tamaşaya da qoyulubdur. Umumiyyətlə, sizin üçün şeirlə nəsrin fərqi nədir?
– Nəsrə keçmək kimi bir addım atdığım yadımda deyil, çünki ədəbiyyata şeirlə deyil, nəsrlə gəlmişəm. Şeirlərim sadəcə ifadə etmək istədiyim duyğulardır ki, hər bir azərbaycanlı kimi bəzən onları qafiyəyə düzmək keçir ürəyimdən. Desəm ki, şeirlə nəsrin arasında qoyulan fərqi hansısa mənə məxsus olan yeni bir sözlə ifadə edə bilərəm, qeyri-səmimi olaram. Şeir şeirdir, nəsr də nəsrdir. Hərəsinin öz yeri, öz təsir gücü var. Düşünürəm ki, şeir yazanlar (söhbət əsl şeirdən gedir)çox güclü hissiyyata malik olduqlarından Allaha daha yaxın olurlar və çox vaxt onlara yazdıqları diktə edilir. Şair sözü ərəb dilindəki “şəəra” kökündən əmələ gəlib. Bu sözün mənası isə “hiss etmək”dir. Əslində bəlkə də mən poeziyanı çox sevdiyimdən şeir yazmıram. Düşünürəm ki, bu çöx böyük məsuliyyətdir.Belə təəssürat yaranmasın ki, nəsrdə məsuliyyətsiz olmaq olar. Əsla! Ümumiyyətlə əgər Yaradan biz yazarlara insan qəlbinə toxunub onu yaxşı mənada heyrətləndirə bilmək bacarığı veribsə, ilk növbədə Onun qarşısında məsuliyyət daşıyırıq.
– Çoxlu tərcümə etdiyiniz əsərlər var. Elə götürək biri mənim “Əsir qadın” romanımı. Əsərin tərcüməsi çox gözəl alınıbdır. Bunu rusdilli oxucular da təsdiq edirlər. Sizin üçün əsər yazmaq asandır, ya hansısa bir əsəri tərcümə etmək? Bir də maraqlıdır, kimləri tərcümə etmisiniz?
– Ədəbi fəaliyyətimin müəyyən hissəsini tərcümə təşkil edir. Hesab edirəm ki, tərcümə etmək yazmaqdan daha çətindir. Tərcüməçi istər-istəməz müəllifin yaratdığı çərçivədən çıxa bilmir və əsəri olduğu kimi tərcümə etməlidir. Elə tərcüməçinin gücü də ondadır ki, müəllifin həm sözlərini, həm ruhunu oxucuya olduğu kimi çatdıra bilsin. Bəlkə bu səbəbdən mən hər əsəri tərcümə etmirəm. Əsəri bəyənməsəm, onu özümünkü kimi qəbul etməsəm və yaxud ondan yeni nəsə öyrənməsəm tərcümə etmirəm. Məsələn son zaman həkim yazıçı Hümbət Həsənoğlunun “Seçilmiş əsərlər”ini rus dilinə tərcümə edərkən bir çox elmi yeniliklərə rast gəldim. Almaniyada yaşayan həmyerlimiz Aleksandra Azima Reynqardtın “ Yeva üçün poçtalyon” adlı çox maraqlı əsərini Azərbaycan dilinə tərcümə etmişəm. Qeyd edim ki, müəllif uzun illər Azərbaycandan uzaqlarda yaşasa da, əsərində xalqımızın qoruyub saxladığı adətləri, inanacları ustalıqla vəsf edib.Azərbaycan ədəbiyyatının daha bir rus dilli nümayəndəsi olan Tamilla Axundovanın esselerini, şeirlərini Azərbaycan dilinə tərcümə etməkdən xüsusi zövq alıram.Tamilla xanımın əsərləri dərin mənalı və yazı üslubu baxımından çox mürəkkəbdir. Belə tərcümələr tərcüməçini öyrəmnəyə və bildiklərini düzgün tətbiq etməyə sövq edir.
Bilirsiniz ki, Qarabağ mövzusu mənim uzun illər yaralı yerim olub, cünki bir qarabağlı olaraq el, oba, torpaq həsrəti yaşamışam. Ona görə yuxarıda qeyd etdiklərimi Qarabağ mövzusuna şamil etmədən iki kitabı əvvəlcədən oxumadan Azərbaycan dilindən rus dilinə tərcümə etmişəm.
Bu sizin “Əsir qadın” kitabınız və Rəhilə Soltanqızının şəhid qardaşının xatirəsinə ithaf etdiyi “Zəfər dastanı”kitabıdır. Bu kitabları tərcümə edərkən keçirdiyim hisslər heç vaxt unudulmayacaq. Çox istərdim ki, bu kitablar oxunsun, dərsliklərə salınsın, çünki hər ikisi tariximizin unudulmayan səhifələrini özündə əks etdirir. Deyilənə görə hər iki tərcümə yaxşı alınıb. Nə gözəl ki, ağrı, həsrət, açıdan sonra Zəfərimiz haqda da əsərlər yarandı və mən hər iki halı rus dilli auditoriyaya çatdıra bildim.
– Söz tərcümədən düşmüşkən siz, böyük Misir yazıçısı Ashraf Aboul-Yazid Ashraf-Dalinin də “Qahirədə bir küçə” əsərini Azərbaycan dilinə tərcümə etmisiniz. Əşrəf bəy böyük adamdır. Onunla tanışlığınız barədə nə deyə bilərsiniz?
– Bəlkə çoxları bilimir ki, mən ixtisasca ərəb dili tərcüməçisiyəm. Hələ, tələbə olarkən ərəb şairi Nəzər Qabbaninin məşhur “Həbibəti (Sevgilim)” şeirini Azərbaycan dilinə tərcümə etmişdim. Orada tərcümə zamanı işlətdiyim “ey mənim sonuncu, ilk məhəbbətim” ifadəsini ərəb dili müəllimim çox bəyənmişdi. Sonralar Misir uşaq yazıçısı Samir Əbdu-l- Baqinin bir neçə nağılını dilimizə çevirmişəm. İki il bundan əvvəl isə cürət edib ərəb dilindən Azərbaycan dilinə kiçik, lakin dərin mənalı bir kitab tərcümə etmişəm. Bu dünya şöhrətli, sülhməramlı Misir yazıçısı Ashraf Aboul-Yazid Ashraf-Dalinin “Qahirədə bir küçə” adlı əsəridir. Böyük qürur və müəllifə təşəkkür hissi ilə qeyd edim ki, həmin kitab Misirdə cap olunub və bir nüsxəsi mənə hədiyyə edilib.
Əşrəf Dali ilə Rus yazıçısı həmyerlimiz çox istedadlı və bir çox mükafatlar laureatı, Azərbaycan Yazıcılar Birliyinin üzvü, onlarla dəyərli kitab müəllifi Eldar Əhədovun oxucularla görüşündə tanış olmuşam. Görüş əsasən rus və ingilis dillərində keçirdi. Yadımdadır ki, mənim Əşrəf bəyə öz dilində müraciətim onu yaxşı mənada təəccübləndirmişdi. Sonralar Ashraf Aboul-Yazid Ashraf-Dali haqda daha çox məlumat əldə etdim, onun yazılarını sosial şəbəkədə izlədim və bu gün belə bir insanla şəxsi tanışlığımdan qürur duyuram.
– Səsiniz su şırıltısına bənzəyir, siz bunun fərqindəsinizmi? Hətta, səhv etmirəmsə mərhum akademikimiz Ziya Bünyadov da bu səsin sehrini dilə gətiribdir. Sizcə, bu belədirmi?
– Elə deyirlər). İlk dəfə səsimə Ziya Bünyadov diqqət yetirib və alim olmaq istədiyim məqamda məni tamamilə başqa bir istiqamətə yönəldib. Belə ki, universiteti bitirdikdən sonra Ziya müəllimin başçılıq etdiyi Akademiyanın Şərqşünaslıq İnstitutunda çalışmaq fikrim var idi. Lakin Ziya Bünyadovla maraqlı görüşüm elə onun tövsiyəsi və tapşırığı ilə məni Azərbaycan Radiosunun Xarici Yayım Şöbəsinə ( indi Departament adlanır) gətirdi.
Həmin görüşümüzdə biz Ziya müəllimlə rus, Azərbaycan və hərdən ərəb dilində xeyli danışdıq. Böyük alimin söhbətimizə heç aidiyyatı olmayan sualı məni təəccübləndirdi.
– Sənə deyiblər ki, qəşəng səsin var?- deyə soruşdu.
– Xüsusi qeyd edən olmayıb, xeyr, – dedim.
Sonra dəstəyi götürüb harasa zənd etdi və:
– Bir qəşəng səsli qız göndərirəm yanına. Onu götür, qoy Azərbaycandan Ərəb ölkələrinə belə səsi yayılsın.
Tam səmimi deyirəm ki, Ziya müəllimin Azərbaycan Radiosunun Xarici Yayım Şöbəsinin müdiri Hafiz müəllimlə danışdığını sonradan bildim.
Bir müddətdən sonra mərhum Fəxrəddin Qasımovun ( məşhur şair Qasım Qasımzadənin oğlu) gur və əzəmətli səsi ilə yanaşı mənim də səsim dünyaya yayıldı.
Özüm öz səsim haqda nəsə desəm qeyri- təvəzökar olaram. Bu səbəbdən əvvəl Ziya müəllimə sonra da səsimi bəyənib dəyər verən dostlara sadəcə təşəkkür edirəm.
– Ağ çiçəkləri, günəşli havanı çox sevirsiniz. Bunlar hamısı bahar fəslinin əlamətləridir. İnciməsəydiniz deyərdim ki, siz payız ömrünüzün astanasındasınız. Bu gənclik ruhu sizə hardan gəlir? Hələ, maşallah, bu yaşda gözəlliyinizi demirəm.
– Payız ömrümün astanasında deyil lap içindəyəm. Bunu və yaşımı heç vaxt gizlətmirəm. Bilirsiz, məncə insan yaşlaşdıqca həyata daha çox bağlanır. Ağ çiçəkləri, günəşli havanı həqiqətən çox sevirəm. Bu haqda o qədər yazmışam ki, artıq oxucularım da bu zəif çəhətimi bilirlər. Etiraf edim ki, ömrün bu payız çağında ruhum bir qədər yorğundur, ancaq gözəllikdən, təbiətdən, fəsillərin dəyişməsindən necə doymağ olar?!
Gözəlliyə gəlincə, məncə gözəl olmayan qadın yoxdur. Özünü yetərincə təqdim etməyi bacarmayan qadın var. Mən həmişə deyirəm ki, güclü, cəsarətli olmağı atamdan, zərifliyi, mülayimliyi anamdan almışam. Allah onlara rəhmət eləsin.
– İnsanlarda bəyəndiyiniz və bəyənmədiyiniz keyfiyyətlər hansılardır?
– Bəyəndiyim dürüstlük, bəyənmədiyim saxtakarlıqdır.
– Dostlarınız, tanışlarınız çoxdur. Ümumiyyətlə, sizin xatirinizi hamımız çox istəyirik. Hamıyla dil tapmağı bacarırsınız. Bu olduqca çətin bir işdir. Mənim üçün çox maraqlıdır, siz bunu necə bacarırsınız?
– Dost çox olmur. Tanışlarım çoxdur. Xatirimi istəyənlərin hər birinin qəlbimdə xüsusi yeri var. Hamı ilə dil tapmaq çətin deyil. Sadəcə insanların fərdi xüsusiyyətlərini, aldıqları tərbiyəni, böyüdükləri mühiti, aldıqları təhsili nəzərə alıb onlardan sizdə olanları tələb etməmək və hər kəsi olduğu kimi qəbul etmək gərəkdir.
– Son illər çətinliyiniz çox olubdur. Sevimli həyat yoldaşınızı itirdiniz, səhhətinizdə problemlər yarandı, ailə-məişət qayğıları və s. Amma şükürlər olsun ki, ayaqdasınız, aramızdasınız və yazıb-yaradırsınız. Bunu necə bacardınız?
– Mən şəxsi problemlərimdən heç vaxt danışmıram. İnsanlara müsbət, pozitiv enerji daha çox lazımdır indi. Amma soruşursuzsa, deyim ki, heç vaxt güclü qadın olmaq istəməmişəm. Həmişə hekayələrimdə də qadın obrazları zərif, incə, qismən tabe olmağı, bağışlamağı bacaran olurlar. Amma həyat öz fərmanını elə verdi ki, mən məhz güclü bir qadın oldum. Hətta şeirimdə belə bir misra var: “heyranam özümdə olan dözümə”. Bəli, son vaxtlar çətin günlər yaşadım. Hətta, elə gün oldu ki, çökdüm, çarəsizlikdən nəfəsim dayandı sanki. Amma yaxın qohumlarım, doğmalarım məni qayğı ilə əhatə etdilər, qollarımdan tutub qaldırdılar. Dostlarım, rəfiqələrim mənə “sən güçlüsən!” deyib dəstək oldular. Bu gün ayaqdayamsa ətrafımdakı səmimi, doğma insanların sayəsində belədir. Onların hər birinə sevgi borcum var.
– Bu gün sizi ən çox narahat edən nədir?
– Həyatı dərk etdikcə, yaşa dolduqca narahatlıq hissi azalır. Bir gün anlayırsan ki, narahat olduğun, əndişələndiyin hadisələrə müdaxilə edə bilmirsən. Onsuz da olan olur. Lakin insanı başqa canlılardan fərqləndirən çəhətlərdən biri də düşünmək qabliyyətidir. İnsan düşünürsə mütləq narahatlıq hissi keçirir. Qlobal şəkildə götürsək dünyanın cox yerində baş verən münaqişələr, təbii fəlakətlər, pandemiyalar, insanlığın tədricən məhv edilməsi, dəyərlərin itirilməsi narahat edir məni.
– Bu vaxta qədər nə etdiniz, nə edə bilmədiniz və bundan sonra nə etmək istərdiniz?
– Bu vaxta qədər etdiklərimin əksəriyyəti göz qabağındadır. Edə bilmədiklərim, bilavasitə məndən asılı olmayanlardır. Əlahəzrət ömür möhlət verərsə, bundan sonra etmək istədiklərim də var.
– Və sonuncu, ənənəvi bir sual. Əgər yenidən doğulsaydınız hansı peşəni seçərdiniz və həyatda etdiyiniz hansı səhvi bir də təkrar etməzdiniz?
– Əvvəla, əminəm ki, heç kimin mənim də həmçnin yenidən doğulma ehtimalı yoxdur.)) Bu səbəbdən sualınız haqda düşünüb xəyallar qurmaq istəməzdim, hərçənd həkim olmaq arzum hələ də durur )). Nəyi etmişəmsə, hansı səhvlərə yol vermişəmsə, nəyi düz, nəyi yanlış etmişəmsə hamısı mənimdir. O ki qaldı, nələri edib etməməyimə, çox ehtimal ki, etdiklərimi yenidən edərdim)).
– Gözəl cavablarınıza görə sizə təşəkkür edirəm, Təranə xanım. Çox sağ olun.
– Mən də sizə təşəkkür edirəm gözəl suallarınıza görə. Siz də sağ olun.

