Azərbaycan.media xəbər verir ki, səyyar ASAN xidmət avtobusu Ağdaşda, Heydər Əliyev meydanı 2 ünvanında vətəndaşlara xidmət göstərir. Ağdaşda indiyədək 22 dəfə səyyar xidmət həyata keçirilib və 62 mindən çox müraciət qeydə alınıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatına görə, səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
2013-cü ildən fəaliyyət göstərən səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyon 286 mindən çox, yalnız 2025-ci ildə isə 173 mindən çox vətəndaş müraciəti qeydə alınıb.
Qeyd olunur ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən müraciət etməsi üçün xüsusi təchiz edilmiş 10 səyyar avtobus fəaliyyət göstərir. Bu xidmətlər dövlət xidmətlərinin daha əlçatan, sürətli və innovativ şəkildə təqdim edilməsini təmin etməklə, vətəndaş məmnunluğunu artırır.
