🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda daha 6 qadın avtobus sürücüsü üçün təlimlərə start verilib

Azərbaycan.media xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobus idarə edəcək daha 6 qadın sürücü üçün təlimlər keçirir.

AYNA-nın məlumatına görə, layihənin məqsədi qadın sürücülərin peşəkar bacarıqlarını artırmaq, onların ictimai nəqliyyat sektorunda aktiv iştirakını və məşğulluğunu təmin etməkdir. Təlimlər paytaxtda həyata keçirilir və namizədlər avtobus sürücüsü kimi fəaliyyətə başlamaq üçün həm nəzəri, həm də praktiki hazırlıq keçirlər.

Layihənin birinci mərhələsində 3 xanım təlim və imtahanları uğurla tamamlayaraq artıq avtobus sürücüsü kimi fəaliyyət göstərir. Hazırda davam edən ikinci mərhələdə isə 6 qadın namizəd təlim prosesində iştirak edir.

Bildirilib ki, təlim proqramı avtobus idarəetmə bacarıqları ilə yanaşı, davranış psixologiyası, sərnişindaşıma qaydaları və hərəkət təhlükəsizliyi üzrə mövzuları da əhatə edir.

Qeyd edək ki, qadın avtobus sürücüsü vakansiyası üzrə qəbul prosesi davam edir.