Azərbaycan.media xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına görə, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasında dam bərpası işləri layihəyə uyğun şəkildə davam etdirilir.
Bildirilir ki, bərpa işləri çərçivəsində tarixi abidənin memarlıq xüsusiyyətlərinə uyğun dam örtüyü bərpa olunur, konstruktiv dayanıqlıq təmin edilir və sakinlər üçün yaranmış risklər aradan qaldırılır. Dam hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Qeyd edək ki, binanın yaxınlığında yeni yaşayış binasının inşası zamanı “VEST PARK” MMC tərəfindən tarixi abidədə aparılan təmir-bərpa işləri layihənin tələblərinə uyğun həyata keçirilməmişdi. Mövcud ruberoid dam örtüyü sökülərək metal kirəmit tipli yeni konstruksiya quraşdırılmış, tüstü və havalandırma bacaları bağlanmış, əlavə konstruksiyalar binanın dayanıqlığına təhlükə yaratmışdı.
Dövlət Xidməti həmin nöqsanlarla bağlı işləri dayandırıb və şirkət barəsində inzibati tədbirlər görmüşdü. Tarixi abidənin dam örtüyü əvvəlki görkəminə qaytarılır, zədələnmiş hissələr bərpa edilir və yağışlı havalarda sakinlərin qarşılaşdığı əlavə narahatlıqlar aradan qaldırılır.
