Azərbaycan.media xəbər verir ki, mayın 8-dən etibarən Bakı–Xırdalan–Sumqayıt xətti üzərində inşa olunan Dərnəgül dəmiryol dayanacağı sərnişinlərin istifadəsinə verilib.
Layihə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Prezidentin təsdiqlədiyi “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
Yeni dayanacaq sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün müasir standartlara uyğun qurulub. Ərazidə 2 turniket binası, 2 gözləmə zalı, 4 platforma və piyada üst keçidi tikilib, həmçinin abadlıq və yaşıllaşdırma işləri aparılıb. Fiziki məhdudiyyətli şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər üçün xüsusi keçidlər də yaradılıb.
Bundan əlavə, Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi təşkil olunub.
Yeni dayanacaq üzrə Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətlərində gediş haqqı 60 qəpik, Dərnəgül–Sumqayıt marşrutunda isə 1 manat müəyyən edilib.
Qatarların Bakı Dəmiryol Vağzalından Dərnəgülə qədər hərəkət müddəti 10 dəqiqə təşkil edəcək. Dərnəgül–Biləcəri marşrutu 8, Dərnəgül–Xırdalan istiqaməti isə 15 dəqiqəyə qət olunacaq.
Məlumata görə, dayanacaq digər ictimai nəqliyyat növləri ilə inteqrasiya edilərək sərnişin axınının şəhər mərkəzinə yönəlməsinin qarşısını alacaq və xüsusilə “28 May” metro stansiyası ətrafındakı sıxlığın azalmasına töhfə verəcək.
İlkin mərhələdə burada illik 200 min sərnişinə xidmət göstərilməsi nəzərdə tutulur. 2030-cu ilə qədər isə bu göstəricinin 500 minə çatacağı gözlənilir.
Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı 15-ə yüksəlib. Dövlət Proqramı çərçivəsində gələcək illərdə yeni xətlərin və əlavə dayanacaqların istifadəyə verilməsi də planlaşdırılır.
