Azərbaycan.media xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiç ilə keçirdiyi birgə brifinqdə Cənubi Qafqazdakı vəziyyətlə bağlı açıqlama verib. Kavelaşvili bildirib ki, Ermənistanla Azərbaycan arasında mövcud gərginlik başa çatmaq üzrədir.
Prezident vurğulayıb ki, Cənubi Qafqaz Şərqlə Qərb arasında strateji əhəmiyyətə malik bölgələrdən biridir:
“Serblərin də bu dəhlizlə bağlı böyük imkanları yaranacaq. Biz Qara dəniz vasitəsilə Balkan ölkələri ilə daha sıx münasibətlər quracağıq. Bu ikitərəfli əlaqələr gündəliyimizə daha çox məsələləri daxil etməyə imkan verəcək”.
Serbiya Prezidenti Aleksandr Vuçiç isə Gürcüstanın regional əhəmiyyətini qeyd edib:
“Gürcüstan gözəl ölkədir, Qara dənizə çıxışı var, Rusiya, Azərbaycan, Türkiyə və Ermənistanla həmsərhəddir”.
Kavelaşvili həmçinin yaxın zamanda Serbiya ilə Gürcüstan arasında azad ticarət sazişi üzrə strateji müzakirələrin başlanacağını və Tiflisdə Serbiyanın səfirliyinin açılacağını vurğulayıb.
