🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qobustandakı “Diri baba” türbəsində bərpa işlərinə start verilir

Azərbaycan.media xəbər verir ki, Qobustan rayonunun Qobustan şəhərində yerləşən, ölkə əhəmiyyətli “Diri baba” türbəsinin bərpası ilə bağlı yeni mərhələyə başlanılır.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən bununla bağlı satınalma müsabiqəsi elan edilib. Müsabiqə çərçivəsində abidənin bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Layihənin ehtimal olunan dəyəri 683 min 515 manat təşkil edir.
Qeyd edək ki, qurum 2024-cü ildə abidənin bərpa olunacağını açıqlasa da, bu istiqamətdə işlərin indiyədək tamamlanmadığı bildirilir.
“Diri baba” türbəsi Azərbaycanın ən qədim və sirli memarlıq abidələrindən biri hesab olunur. Mənbələrə görə, türbə hicri 805-ci ildə (1402-ci il) I İbrahim Şirvanşahın əmri ilə inşa edilib.
Şirvanı qonşu bölgələrlə birləşdirən qədim karvan yolunun yaxınlığında yerləşən abidə tarix boyu səyyahların diqqətini çəkib. XVII əsrdə alman səyyahı Adam Olearius və holland səyyahı Cornelis de Bruijn öz yol qeydlərində türbə haqqında məlumat verib, onun təsvirlərini də qeydə alıblar.
XIX əsrdə isə Qafqazın tədqiqatçıları abidəyə xüsusi maraq göstəriblər. Rus akademiki B.Dorn türbə ilə bağlı araşdırma aparıb, epiqrafçı Məşədixanım Nemətova isə abidəyə aid daş kitabənin “Hermitage Museum”də saxlanıldığını qeyd edib.
Türbədə dəfn olunan şəxsin kimliyi isə bu günə qədər dəqiq müəyyən edilməyib.