🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ADY Qarabağ istiqamətində dəmir yolu infrastrukturunu yeniləyir

ADY Qarabağ istiqamətində dəmir yolu infrastrukturunu yeniləyir: Bakı–Ağdam reyslərinə müvəqqəti fasilə veriləcək
Azərbaycan.media xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə üzrə dəmir yolu infrastrukturunda genişmiqyaslı yenidənqurma və modernləşdirmə işlərini davam etdirir.
Şirkətin məlumatına əsasən, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr regionun nəqliyyat xəritəsində mühüm dəyişikliklər yaradır. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi, avqust ayında isə 30 ildən sonra Qarabağa müntəzəm sərnişin daşımalarının bərpası bu istiqamətdə əsas addımlardan biri kimi qeyd olunur.
Məlumata görə, Bakı–Ağdam–Bakı marşrutuna tələbat artıb və yalnız cari ilin birinci rübündə bu istiqamətdə təxminən 4 min sərnişin daşınıb.
Artan tələbat fonunda ADY Yevlax–Bərdə dəmir yolu xəttinin əsaslı şəkildə yenidən qurulmasına hazırlaşır. Bildirilir ki, bu xətt üzrə son dəfə 1967-ci ildən etibarən genişmiqyaslı təmir aparılmayıb və mövcud infrastruktur artıq müasir tələblərə cavab vermir. Hazırkı vəziyyətdə qatarların sürəti 10–60 km/saat arasında məhdudlaşır.
Layihə tamamlandıqdan sonra həm sürətin artırılması, həm də sərnişinlərin daha qısa zamanda mənzil başına çatması planlaşdırılır. Eyni zamanda, yaşayış məntəqələrindən keçən hissələrdə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilir.
Yenidənqurma işləri ilə əlaqədar Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək. Son reyslərin 9 və 10 may tarixlərində həyata keçiriləcəyi açıqlanıb.
Bundan əlavə, ADY tərəfindən Ağdam–Xankəndi dəmir yolu xətti və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi də davam etdirilir. Layihələr başa çatdıqdan sonra Bakıdan Xankəndiyə qatar reyslərinin də bərpası nəzərdə tutulur.
Şirkət bu tədbirlərin uzunmüddətli perspektivdə daha təhlükəsiz, sürətli və müasir dəmir yolu şəbəkəsinin formalaşmasına xidmət etdiyini bildirib və sərnişinlərə göstərdikləri anlayışa görə təşəkkür edib.