MSK-nın yeni tərkibi gələn il formalaşdırılacaq – Məzahir Pənahov iddialara münasibət bildirdi

Azərbaycan.media xəbər verir ki, Mərkəz Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin səlahiyyət müddəti gələn il başa çatır. Qurumun üzvləri sonuncu dəfə 2021-ci il aprelin 27-də formalaşdırılıb.

Modern.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov qurumun bu il yenidən formalaşdırılacağı barədə yayılan iddialara münasibət bildirib. O, açıqlamasında MSK-nın cari il ərzində yenidən formalaşdırılmasının nəzərdə tutulmadığını deyib.

Qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir. Bu isə o deməkdir ki, ən geci gələn ilin aprel ayında Komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq.

Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, gələn ilin mart ayında 75 yaşını tamamlayacaq. Pənahov 25 ildir Komissiyaya rəhbərlik edir və son aylarda mediada daha çox ailə məsələləri ilə gündəmə gəlib. Onun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasında qalmaqal yaşandığı və şiddət iddiaları ilə bağlı məhkəmə prosesinin davam etdiyi bildirilir.

Gələn ilin aprelində Milli Məclisdə MSK-nın yeni tərkibi formalaşdırılacaq. Qanuna görə, Komissiyanın 6 üzvü parlamentdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü müstəqil deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən partiyaları təmsil edir.

Məzahir Pənahovun yeni tərkibdə yer almayacağı barədə məlumatlar yayılıb.