AMEA prezidenti: Alimlərin əməkhaqqı artırılacaq, Qarabağda elmi mərkəz yaradılması planlaşdırılır

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli alimlərin əməkhaqqının artırılması ilə bağlı iş apardığını açıqlayıb.

Bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yekun hesabat iclasında çıxışı zamanı bildirib. İ.Həbibbəyli vurğulayıb ki, işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması akademiyanın əsas prioritetlərindən biridir:

“2026-cı ildə ölkədə hər kəsin əməkhaqqısının artırılacağını nəzərə alsaq, bu, alimlərə də şamil olunmalıdır. Bununla bağlı iş aparıram” – deyə o qeyd edib.

AMEA prezidenti həmçinin həqiqi və müxbir üzvlüyə seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb:

“Uzun müddətdir həqiqi və müxbir üzvlüyə seçkilər keçirilmir. Fikrimcə, yanvardan sonra bu məsələyə baxmaq olar” – deyə İ.Həbibbəyli əlavə edib.

O, eyni zamanda Qarabağda akademiyanın elmi mərkəzi və ya bölməsinin yaradılmasının da nəzərdə tutulduğunu bildirib.