Azərbaycan.media xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12-də bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamətlər dəyişdiriləcək.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, saat 08:00-dan mərasim bitənədək Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudiyyətlər Ulu Öndərin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə tətbiq edilir.
Hərəkət aşağıdakı istiqamətlərdə dəyişdiriləcək: Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsi, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsi, Mehdi Hüseyn küçəsi və Teleteatr binasının qarşısı, həmçinin İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsi. Bu ərazilərdə, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Polis vətəndaşları şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırıb.
