Leyla Əliyeva ilə Şeyx Rəşid bin Həmdan Əl Maktum arasında görüş keçirildi

Azərbaycan.media xəbər verir ki, dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum arasında görüş baş tutub.

Görüş zamanı Bakıda keçirilən “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” konfransında iştirakdan məmnunluğunu ifadə edən Şeyx Rəşid süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, təhsil və sosial sahələrdə həyata keçirilən proqram və layihələrin xüsusi önəm daşıdığını qeyd edib.

Leyla Əliyeva hər iki qurum arasında əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib və perspektivlərin vacibliyinə diqqət çəkib.

Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum Heydər Əliyev Fondunun İslam dünyasında və digər ölkələrdə təhsil və sosial dəstək layihələrinə görə “Həmdan-ICESCO” mükafatına layiq görülməsini bir daha təbrik edib.

Leyla Əliyeva Fondun fəaliyyətində təhsil və sosial sahələrin daim prioritet olduğunu vurğulayıb və göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.