Güclü maqnit qasırğası yaxınlaşır — Dekabrın 9-10-da təsir pik həddə çatacaq

Azərbaycan.media xəbər verir ki, dekabrın 9-dan 10-na keçən gecə Yer kürəsində güclü maqnit qasırğası qeydə alınacaq.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, dekabrın 8-də gecə saatlarında Günəşdə baş vermiş M8.1 sinifli partlayış Yerin maqnit sahəsinə yüksək sürətli plazma axını göndərib.

Məhz bu səbəbdən dekabrın 9 və 10-da G2-G3 səviyyəli – yəni orta və güclü kateqoriyalı – maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

İnstitutdan bildirilib ki, partlayış güc baxımından orta səviyyədə olsa da, mərkəzi Günəş–Yer xəttinə yaxın baş verdiyi üçün onun təsiri daha güclü olacaq. Qasırğanın təsirini azalda biləcək heç bir amilin olmadığı xüsusi vurğulanıb.