Azərbaycan xalqlar arasında sülhü möhkəmləndirməyə çalışır

Azərbaycan.media xəbər verir ki, Qətərdə keçirilən “Doha Forumu”nda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xalqlarımızı sülhə hazırlamağın vacibliyini vurğulayıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan üçün müharibə və münaqişə artıq bitib. Onun sözlərinə görə, sülh rifah yaratmalı, inkişaf təmin etməli və Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişməlidir. Bu kontekstdə xalqlar arasında etimadın önəminə toxunan Prezidentin köməkçisi deyib ki, Azərbaycan sülhü əbədi, davamlı və geri dönməz etmək niyyətindədir.

“Bunun üçün çox çalışmalıyıq. Bilirik ki, bəzən sülhü pozmaq istəyən qüvvələr ola bilər. Biz elə regional təhlükəsizlik arxitekturası qurmalıyıq ki, sülhə qarşı bütün mənfi meyllərə tab gətirsin. Bunun üçün əvvəlcə hökumətlər arasında etimad lazımdır. Məmnuniyyətlə deyə bilərəm ki, Ermənistan və Azərbaycan hökumətləri arasında etimad elementləri formalaşır. Bu, mühüm təməldir. Amma daha önəmlisi xalqlar arasında etimaddır. Biz xalqlarımızı sülhə hazırlamalıyıq,” – Hacıyev qeyd edib.

O əlavə edib ki, Azərbaycanın mesajı həmişə belə olub: sülh sazişi yalnız Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə imzalanmalıdır ki, gələcək nəsillər bundan faydalana bilsin. Hacıyev vurğulayıb ki, etimad quruculuğu tədbirləri üzərində iş aparılır və bunun çətinliyinə baxmayaraq, Azərbaycan regional liderlik və məsuliyyəti üzərinə götürüb.