Yasamaldakı yanğında xəsarət alan Ləman Qulamovanın vəziyyəti yaxşılaşır

Azərbaycan.media xəbər verir ki, Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan Ləman Qulamovanın son durumu açıqlanıb.

Jurnalist Xəyalə Rəis bildirib ki, Ləman Qulamova Yeni Klinikaya gətirilərkən vəziyyəti son dərəcə ağır olub: “Onun ürəyi bir neçə dəfə dayanmışdı və yaşamaq şansı çox az idi. Amma çox şükür ki, möcüzə baş verdi – Ləman ayıldı. Hazırda danışa bilir, qidalanır və özünü daha yaxşı hiss edir”.

Qeyd edək ki, Ləman Qulamova Milli Geyim Evinin rəhbəri, yanğında həlak olan Könül Vəlibəylinin qızıdır.

Xatırladaq ki, noyabrın 21-də Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər həlak olmuş, 20 nəfər isə tüstüdən zəhərlənmişdi.