Türkiyə kosmosda hibrid mühərriki işə salan ilk ölkə oldu – “FGN-TUG-S01” missiyası uğurla tamamlandı

Azərbaycan.media xəbər verir ki, Türkiyə kosmosda hibrid mühərriki işə salan ilk ölkə kimi tarixə düşüb. Bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, “Fergani Uzay” tərəfindən tamamilə milli imkanlarla hazırlanmış ilk kosmik transfer vasitəsi – FGN-TUG-S01 – ən kritik manevrlərindən birini uğurla yerinə yetirib.

Dekabrın 6-da, Bakı vaxtı ilə saat 08:46-da aparatın əsas hibrid təkan sistemi kosmosda işə salınıb. 35 saniyə davam edən bu əməliyyat qüsursuz şəkildə icra edilib.

Məlumata görə, bu yalnız Türkiyənin milli hibrid mühərrik texnologiyasının kosmosda ilk dəfə işə salınması deyil, həm də dünya üzrə bir ilkdir.

Kritik manevrdən sonra missiyanın növbəti mərhələsi – “CubeSat”ın ayrılması – da uğurla həyata keçirilib.

Qeyd olunub ki, uğurla başa çatan missiya “Fergani Uzay”ın inşa etməyi planlaşdırdığı “Uluğ Bəy” Qlobal Mövqeləndirmə Sistemi üçün strateji əhəmiyyət daşıyan infrastruktur yaradır. Bu texnologiya gələcəkdə peyk qruplarının müxtəlif orbitlərə milli vasitələrlə daşınmasını mümkün edəcək.