Azərbaycan.media xəbər verir ki, Avropa İttifaqı ilə Ermənistan arasında dekabrın 2-də imzalanan “Tərəfdaşlıq üçün gündəm” sənədi Brüsselin Cənubi Qafqazda balanslı siyasət yürütməsi ilə bağlı ciddi suallar yaradıb. Sənəd rəsmi Aİ-nin post-münaqişə reallıqlarını nəzərə alan sülh təşəbbüslərinə dəstək vermək əvəzinə, yenidən birtərəfli mövqeyə qayıtdığı barədə narahatlıqları artırıb.
Aİ-nin əvvəlki rəhbərliyinin regiona əsasən Ermənistan prizmasından baxması Bakı–Brüssel münasibətlərində durğunluğa səbəb olmuşdu. Azərbaycanın ərazi bütövlüyünə zidd sayılan bu yanaşmanın, xüsusilə ittifaqın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell daxil olmaqla, erməni lobbisinin təsiri altında formalaşdığı qeyd edilirdi. Rəhbərliyin dəyişməsi gözləntiləri artırsa da, yeni sənəd həmin ümidlərin arxa planda qalmasına səbəb olub.
64 səhifəlik sənədin Ermənistanla imzalanmasına baxmayaraq, Azərbaycanla bağlı geniş bölmələrin yer alması diqqət çəkir və Aİ-nin məqsədinin həqiqətən sülhə töhfə vermək olub-olmadığı barədə suallar doğurur.
Sənəddə Aİ-nin Ermənistanla tərəfdaşlıq çərçivəsində “Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində didərgin düşmüş Qarabağ ermənilərinin ehtiyaclarının ödənilməsi və onların sosial-iqtisadi inteqrasiyasına xüsusi diqqət ayıracağı” vurğulanır. Bu isə sənədin balanslı mövqedən uzaq olduğunu göstərən əsas məqamlardan biri kimi qiymətləndirilir.
