Bakıda tarixi abidəyə təmir zamanı zərər vuruldu – Şirkət məsuliyyətə cəlb olundu

Azərbaycan.media xəbər verir ki, Bakıda təmir-bərpa işləri zamanı yerli əhəmiyyətli memarlıq abidəsinə ciddi ziyan dəyib. Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən və dövlət mühafizəsinə götürülmüş tarixi yaşayış binasının yaxınlığında “VEST PARK” MMC tərəfindən yeni yaşayış binasının tikintisi planlaşdırılıb. Tikinti səbəbindən yaranacaq mümkün risklər nəzərə alınaraq, Dövlət Xidməti 2023-cü ilin sentyabrında şirkətdən tarixi abidədə təmir-bərpa işlərinin öz vəsaiti hesabına həyata keçirilməsini tələb edib.

Sonrakı aylarda bünövrənin gücləndirilməsi, fasad, daxili həyət və dam örtüyünün bərpası üzrə layihə hazırlanaraq Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, təsdiqdən sonra isə şirkət tərəfindən işlərə başlanılıb.

Lakin təmir prosesində təsdiq edilmiş layihə kobud şəkildə pozulub. Layihədə dam örtüyünün mövcud ruberoid materialla saxlanılması nəzərdə tutulduğu halda, şirkət onu metal kirəmitlə əvəzləyib, tüstü və havalandırma bacalarını bağlayıb və əlavə konstruksiyalar quraşdıraraq binanın dayanıqlılığına təhlükə yaradıb.

Bu səbəbdən Dövlət Xidməti işləri dayandırıb, “VEST PARK” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol tərtib edilib və sənəd Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 28 noyabr 2025-ci il tarixli qərarı ilə şirkət təqsirli bilinib.

Abidənin tarixi görkəmi bərpa olunması tələb edildikdən sonra şirkət layihədən kənar quraşdırdığı dam örtüyünü söküb, bu isə binanın zədələnməsinə və yağış sularının sakinlərin mənzillərinə dolmasına səbəb olub.

Dövlət Xidməti bildirib ki, binanın dam örtüyünün təcili şəkildə yenidən bərpa olunması üçün aidiyyəti üzrə tədbirlər görüləcək.