Hacı Cavanşir Qurbanov – 78 illik ömür yolunun işığı

Nəğməkar şair Cəlal Qurbanov atasının xatirəsinə yazır:
Nəslimizin, evimizin və elimizin müdrik, əbədi ağsaqqalı – Hacı Cavanşir Qurbanov bu gün 78 yaşını tamamlayır. O, bu dünyada olmasa da, qoyduğu izlər elə dərin və işıqlıdır ki, sanki heç getməmişdir. Qəlblərdə, evimizin içində, yolumuzun üstündə, nəfəsimizin içində onun varlığı hələ də yaşayır.
Hacı Cavanşirin 78 illik ömrü təkcə bir insan ömrü deyildi – mərdliyin, halallığın, əxlaqın və kişiliyin tarixiydi. İdman sahəsində qazandığı uğurlar, güləş aləminə verdiyi töhfələr xalqın yaddaşına silinməz iz kimi həkk olundu. O, həm meydanda, həm sözdə, həm də öz varlığında bütöv bir qəhrəmanlıq nümunəsi idi.
Şair Cəlal Qurbanov yazır:
“Bu gün anlayıram ki, sən bizə təkcə ata olmadın – bir məktəb, bir dayağ, bir dağ idin. Sənin kölgən bizi qoruyan çinar idi. O çinarın altında qohumların, yaxınların, doğma bildiklərin sənin sevginlə böyüyüb, hələ də böyüməkdədirlər. Sənin qəlblərə işıq saçan sözlərin isə Qurbanovlar nəslinə yol göstərən çıraq idi. Sən bu nəsilin mayakı idin.”
Hər çətinlikdə, hər qərar anında Cəlal Qurbanov atasının səsini eşidir:
“Oğlum, həmişə səbrli olun, bir-birinizi, dostlarınızı, doğmalarınızı qoruyun və ən əsası haqqın yanında olun!”
Hacı Cavanşir ömrünü şərəflə yaşadı, övladlarına da şərəfli yaşamağı öyrətdi. Bu gün onun 78 yaşı tamam olur, amma ruhu nur içində, ailəsinin üzərində dayanan bir ağsaqqal kimi hələ də onları qoruyur, dua edir.
Cəlal Qurbanov yazısını belə tamamlayır:
“Biz sənin övladların olaraq addımımızı da, adımızı da, nəslimizin adını da şərəflə, ləyaqətlə, sənin adın kimi uca tuturuq. Nə yaxşı ki, bizim atamız sən olmusan. Mövludun mübarək olsun, Ata!”
Müəllif: Cəlal Qurbanov
Mənbə: Azərbaycan.media