Azərbaycan.media xəbər verir ki, Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq işləri mərhələli şəkildə davam etdirilir. Dövlət satınalmalarının vahid internet portalının məlumatına görə, bu işlərin növbəti mərhələsi çərçivəsində Xocavənd rayonunun Kiş kəndində 40 fərdi yaşayış evinin (ümumi 7600 m²) əsaslı təmirinə start verilib.
Əvvəlki mərhələlərdə Ağdam, Füzuli və Xocavənd rayonlarında işlər yekunlaşdırılıb. Bu dəfə təmir işlərinin icrasını “Fasttech” MMC həyata keçirəcək və şirkətlə 2,656 milyon manatlıq müqavilə bağlanıb. Hər bir evin təmiri təqribən 66,4 min manata başa gələcək.
Qeyd edək ki, MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb və şirkətin qanuni təmsilçisi Şəmsi Şöhlət oğlu Axundovdur.
