Azərbaycan.media xəbər verir ki, millət vəkili, ədəbiyyatşünas-alim Elnarə Akimova 3 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə deputatı seçildiyi ərazidə yaşayan, əlilliyi olan üç ailəni ziyarət edib. Millət vəkili həmin ailələrin qayğıları, gündəlik problemləri və ehtiyacları ilə yaxından maraqlanıb.
Elnarə Akimova evlərə baş çəkərkən gördüklərinin onu dərin düşündürdüyünü bildirib:
“Bu gün bir daha anladım ki, bu uşaqların, bu insanların həyata tutunma eşqi tamam fərqlidir. Onların yaşadığı dünyadan baxdıqda hər şey başqa çalarda görünür – daha aydın, daha şəffaf, daha işıqlı. Onların daxili gücü, mübarizliyi və saf baxışları həyatın ən çətin anlarında belə insana dayaq olur. Və nə yaxşı ki, həyata məhz bu ilahi qatdan baxa bilirlər – məhz bu baxış cəmiyyətimizə mərhəmət, anlayış və həssaslıq aşılayır.”
Millət vəkili qeyd edib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. O, ailələrin qaldırdığı məsələlərin araşdırılması və həllinə dəstək veriləcəyini vurğulayıb.
Elnarə Akimova sonda bildirib ki, belə görüşlər cəmiyyətin ən həssas təbəqələrinə olan diqqət və qayğının daha da artırılması üçün mühüm stimul yaradır.




Mənbə: Azərbaycan.media
