Azərbaycan.media xəbər verir ki, Almaniya Silahlı Qüvvələri (Bundesver) “Arrow 3” raketdən müdafiə sisteminin ilk fəaliyyət mərhələsini rəsmi olaraq istifadəyə verib.
AZƏRTAC-ın “Tagesschau”ya istinadən məlumatına görə, bu mərhələdə radar qurğuları, buraxılış sistemləri və xüsusi hazırlıq keçmiş heyət məhdud müdafiə əməliyyatlarını icra edə biləcək vəziyyətə gətirilib.
İsrail və ABŞ-ın birgə istehsalı olan “Arrow 3” sistemi ballistik raketləri 100 kilometrədək hündürlükdə və 2000 kilometrdən artıq məsafədə məhv etmək gücünə malikdir. Sistem “Hit-to-Kill” prinsipi ilə fəaliyyət göstərir və hədəfi partladaraq deyil, birbaşa dəqiq zərbə ilə zərərsizləşdirir.
Məlumata görə, “Arrow 3” kompleksinin 2030-cu ildə tam döyüş hazırlığına çatacağı gözlənilir. Bundan əlavə, Brandenburqla yanaşı Almaniyanın şimal və cənub bölgələrində də iki yeni hərbi hissənin yaradılması planlaşdırılır. Yeni sistem Bundesverin arsenalında mövcud olan “Patriot” və “Iris-T” komplekslərini tamamlayaraq Avropada çoxmərhələli raketdən müdafiə sisteminin formalaşdırılmasına xidmət edəcək.
