Azərbaycan.media xəbər verir ki, həkim Hüseyin Tapik bəzi qidaların donu açıldıqdan sonra yenidən soyuducuya qoyulmasının ciddi sağlamlıq riskləri yaratdığını bildirib.
Onun sözlərinə görə, bu cür məhsullar bakteriyaların sürətlə çoxalmasına səbəb olur və nəticədə qida zəhərlənməsi riski artır.
Mütəxəssis xüsusilə ət və toyuq məhsullarının donu açıldıqdan sonra ən təhlükəli qida qruplarından biri olduğunu vurğulayıb. Çiy ət, toyuq və balıq yalnız bir dəfə donu açıldıqdan sonra dərhal bişirilməli və istehlak edilməlidir. Yenidən soyuducuya qoyulması bakteriyaların çoxalmasına yol açır.
Eyni vəziyyət dəniz məhsullarına da aiddir. Balıq, kalmar, karides və digər dəniz məhsulları donu açıldıqdan sonra tez bişirilməli və dərhal yemək üçün istifadə olunmalıdır. Uzun müddət saxlanması zəhərlənmə riskini artırır.
Süd və süd məhsulları – qatıq, pendir, kəsmik və qaymaq – da donu açıldıqdan sonra yalnız bir dəfə istifadə olunmalıdır. Onların yenidən dondurulması həm keyfiyyətin pozulmasına, həm də sağlamlıq üçün riskə səbəb ola bilər.
Həkim həmçinin bildirib ki, yumurtalar və onlardan hazırlanan qarışıqlar, o cümlədən mayonez və digər çiy yumurtalı məhsullar donu açıldıqdan sonra ikinci dəfə soyuducuya qoyulmamalıdır.
Hazır yeməklər, souslar, şorbalar və tərəvəzlər də donu açıldıqdan sonra yalnız bir dəfə soyudulub istifadəyə yararlıdır. Təkrar dondurulması qida təhlükəsizliyi baxımından məsləhət görülmür.
Mütəxəssis əlavə edib ki, buzu açılmış qidaları otaq temperaturunda uzun müddət saxlamaq da risklidir.
