Səfər Rzasoylunun “Payız” şeiri

Mən hansı ağacın yanına qaçım?
Hər ağac altında sən ağlayırsan…

PAYIZ… SƏN… PAYIZ…
Ağaclar yandırır yarpaqlarını
Baharın vəfasız məktublarıtək.
Çinarlar oxunmur,
Varaqlarını
itirmiş min ilin kitablarıtək…
Əsir, o şəhərdən küləklər əsir…
Payızlar üstünə dağılır saçın,
Küləklər içindən sən çağırırsan.
Mən hansı ağacın yanına qaçım,
Hər ağac altında sən ağlayırsan…

Əsir o şəhərdən küləklər əsir….
Yağışı, yarpağı, buludlarıyla,
Öz ögey, öz doğma adamlarıyla,
Tanrım, bəlkə onun addımlarıyla
Əsir, o şəhərdən Küçələr əsir
Pəncərəm gözümə inanmasa da…
Bəlkə də bu külək Səs yağışıdı –
Geyinir bu şəhər Səs yağışında
O uzaq şəhərin küçələrini,
Tini, döngəsini, gecələrini,
Evi, pəncərəsi, işıqlarını,
Küləyi, buludu, yağışlarını –
Sənin şəhərinə dönür bu şəhər
Əsir o şəhərdən Gecələr əsir…

Əsir bu şəhərə durna səsləri
Tökülən yarpağı öz teli bilir.
Ağaclar utanır çılpaqlığından –
Düşən axşamları təsəlli bilir.

Əsir o şəhərdən küçələr… məni
Bəlkə tanrıdan çox sən saxlayırsan.
Mən hansı ağacın yanına qaçım?
Hər ağac altında sən ağlayırsan…

Əsir o şəhərdən gecələr əsir,
Əsir o şəhərdən kölgələr əsir…
İlahi, onun da pəncərəsinə
Bəlkə bu şəhərdən küləklər əsir.

 

Müəllif: Səfər Rzasoylu

Mənbə: Azərbaycan.media