Əslində çılpaqlıq İlk dəfə ibtidai insan öz üzərinə dəri atdıqdan sonra meydana gəlib. Yəni insan və xüsusilə qadın çılpaqlığı həmişə onun örtülü, qapalı geyimi ilə müqaisədə gözə çarpır. Açıq-saçıq geyimli qadın şəkilləri dəbdəbəli dərgilərin üzlüklərini, müasir brendlərin reklamlarını bəzəyərək minlərcə insanın diqqətini qadın bədəninin gözəlliyinə cəlb edir.
Mənəvi çılpaqlıq da daxil olmaqla, hər hansı bir çılpaqlıq insanda ziddiyyətli düşüncələr, hisslər və impulslar oyadır. Lakin, müasir internet dövründə, çılpaq insanlar tərbiyəsizcəsinə monitorlarda göründükdə, çılpaqlıq öz təsirini demək olar ki, yox dərəcədə itirir, adiləşir. Əsas mövzusu qadın gözəlliyinin geyim vasitəsi ilə təqdim edilməsi olan bir maraqlı hekayədən bəhs edərkən daldım bu düşüncələrə.
Azərbaycalı yazıcı Hümbət Həsənoğlunun “Fotoqraf” əsərini dünya ədəbiyyatına layiq bir əsər kimi qiymətləndirsəm, düşünürəm ki, ədəbi tənqid mütəxəssisləri məni qınamazlar.
Hekayənin əsas qəhrəmanı Leqran adlı fransız fotoqrafdır. Ömrünü qadın gözəlliyinin incəliklərini fotolarda nümayiş etdirərək insanlara çatdırmağa həsr edən Leqran, hekayədə o qədər dəqiq təsvir edilib ki, oxucu onu öz işinin ustası kimi qəbul edir, illərcə çılpaq qadınları əks etdirən fotolarına alışır və bir gün fotoqradın şərəfinə təşkil edilmiş sərgidə həmin sərginin iştirakçısına çevrilib fotoqrafın bu mövzuda yeni əsərlərini səbirsizliklə gözləyir.
Lakin, qəfil Leqranın qadın gözəlliyi haqda təsəvvürü o qədər kəskin şəkildə dəyişir ki, nəinki hekayənin qəhrəmanlarının, hətta oxucunun belə fikirləri qaranlıq gecədə ay işığının mövcudluğu kimi işıqlanaraq 180 dərəcə dəyişir.
Müəllif yazıçı təxəyyülünün gücündən istifadə edərək bu dəfə qadını soyundurmaq əvəzinə təkcə topuğunun bir hissəsi görünmək şərti ilə onu qapalı, qara uzun don geyinmiş şəkildə təsvir edərək sübut edir ki, hər kəsin öz təsəvvüründə yaratdığı gözəllik digərinə görünməməlidir. Qadın bədəni çılpaqlaşdıqca adiləşir və maraqsız olur.
Əgər hekayənin əvvəlində və başlığında əsas qəhrəmanın Leqran olduğu düşünülürsə, sonda hər kəs dərk edir ki, əsərin əsas qəhrəmanı qadındır. O qadın ki, həmişə cazibədar, diqqətçəkici olmaq üçün, sevilmək arzusunu həyata keçirmək üçün minlərcə üsullara əl atır, dünyada kəşf edilən ən bahalı kosmetikadan istifadə edir, hətta qorxmadan, çəkinmədən plastik cərrahiyyəyə müraciət edir.
Leqran təsadüfən İstambulda çəkdiyi fotoya diqqətlə baxıb içində kəskin bir qərar verir: qara, uzun, qapalı donlu qadının pilləkənləri qalxdığı zaman təsadüfən görünən ağappaq topuğu daha çox həyacana səbəb ola bilər və məhz bu qadın sevilə bilər.
Müəllif Leqranın fotosunun qəhrəmanının məhz türk qadını olmasını dəqiq deməsə də, onun şəklinin Türkiyədə çəkildiyini dəfələrlə qeyd edir.
Müəllif əsərində qapalı geyimi təbliğ etmir, onu hər kəsə məcburən geyindirməyi də qarşısına məqsəd qoymur. Ancaq Avropa düşüncəli insanları, yəni sərgi iştirakçılarını düşündürür və bu vəsitə ilə oxucuları da düşünməyə vadar edir.
Sonda Leqranın həmişə bir stildə geyinən asistetni Jozefinanaya edəcəyi etiraf da sübut edir ki, zövqlər müxtəlifdir və qadın gözəlliyi tək geyimlə ölçülmür.
“Bədən ruhun geyimidir”deyiminin hekayədə səslənməsi də təsadüf deyil məncə. Geyim ancaq bədənə geydirilə bilər. Sevilənsə həmişə hər kəsin öz ruhuna yaxın qapalı və yaxud açıq geyimdə olan qadının çılpaq ruhudur…
PS “Fotoqraf”ı rus dilinə maraqla tərcümə etmişəm.
Müəllifə yeni uğurlar arzusu ilə:
Təranə Məmməd.
Mənbə: Azərbaycan.media
