🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sevil Azadqızının yazıları

Sevil Azadqızı: HAQQ YEYƏN CƏMİYYƏTİN DİRƏYİ SINAR
İnsanlığın var olduğu gündən bu yana hər bir toplumun varlığı, davamlılığı və gücü bir amal üzərində qurulub: ədalət. Ədalət — Tanrının yer üzündə yaratdığı ən möhkəm dayaqlardan biridir. Ədalətin bünövrəsi isə haqq anlayışıdır. Haqq, insanın təkcə özünə deyil, ətrafındakı hər kəsə, hətta cəmiyyətə və Yaradanına qarşı borcudur. O borcun yerinə yetirilməməsi, birinin haqqının tapdanması, cəmiyyətin içində səssiz bir çat əmələ gətirir. Bu çat zamanla böyüyür, dərinləşir və nəhayət, bir millətin mənəvi binasını yıxır. Haqq yeyən cəmiyyət, əslində öz dirəyini, öz bünövrəsini sındırır.
   Haqq yemək, bir sözlə desək, başqasının alın təri ilə qazandığı neməti, onun haqqı olan payı öz mənfəətinə çevirməkdir. Bəzən bu, bir parça çörəkdə, bəzən bir qərarda, bəzən bir imzada, bəzən də bir sözdə gizlənir. İnsan çox zaman düşünür ki, “kiçik” bir haqsızlıqdan nə çıxar? Amma məhz o “kiçik” haqsızlıqlar birləşərək, bütöv bir millətin əxlaq sütunlarını yıxır. Əgər bir müəllim tələbənin haqqını yeyirsə, bir məmur vətəndaşın payını rüşvətlə alırsa, bir iş adamı işçisinin əməyini qiymətləndirmirsə, bir hakim ədaləti pula satırsa — o zaman bu cəmiyyətin dirəyi artıq əyilməyə başlayır. Haqq yeyən yalnız bir nəfər deyil, bütün sistem olur.
   Ədalət insanın vicdanında başlayır. Vicdanı susdurulan insanın gözündə artıq haqqın dəyəri qalmır. Bu isə ən təhlükəli haldır, çünki belə bir insan üçün haqsızlıq normal, ədalət isə gülünc görünür. İnsan ruhən korlaşanda, onun cəmiyyətə verdiyi zərər silahınkından da ağır olur. Haqqı tapdalanan insan içində dərin bir yanğı hiss edir. O, artıq çalışmaq, yaratmaq, xeyirə xidmət etmək istəmir. Çünki onun gözündə doğruluq dəyərini itirib. Beləliklə, cəmiyyətin enerjisi tükənir, tənbəllik, laqeydlik, inamsızlıq hökm sürür.
   Haqqı yeyən cəmiyyət, mənəvi aclıq içində qovrulur. O cəmiyyətdə insan bir-birinə düşmən kəsilir, qardaş qardaşa, dost dosta güvənmir. Hər kəs öz mənfəətini qorumağa çalışır, amma heç kəs anlamır ki, mənfəətə söykənən dünya uzunömürlü olmur. Tarix sübut edib ki, hansı millət ədaləti tapdalayıbsa, o millət dağılmış, hansı millət haqqı uca tutubsa, o millət yüksəlib. Məsələn, qədim imperiyalar, zəngin mədəniyyətlər məhz ədalətsizlikdən, haqqın unudulmasından məhv olub. Onların möhtəşəm sarayları dağılıb, amma ədalətə söykənən xalqların adları tarixdə yaşayır.
  Haqq yeyən insan bir anlıq mənfəət qazana bilər, lakin o qazancla birlikdə ruhunu, etibarını və gələcəyini itirir. Haqqla dolu bir qəlb rahat yatır, haqq yeyən qəlb isə daim narahatlıq içindədir. Bəlkə də cəmiyyətin səssiz qınaması, Tanrının gizli ədaləti bir gün onu öz günahının yükü altında əzəcək. Haqqsızlıq elə bir qaranlıqdır ki, onu yalnız ədalət işığı aça bilər. Amma o işığı qorumaq hər kəsin borcudur.
   Cəmiyyətin dirəyi ədalətdir, ədalətin dayağı isə haqqdır. Haqqı qorumaq sadəcə bir dini və ya hüquqi məsələ deyil, bu, mənəvi bir məsuliyyətdir. Əgər bir millət haqqı uca tuta bilirsə, onun gələcəyi parlaqdır. Çünki orada hər kəs bir-birinə inanar, əmək dəyər qazanar, təmənnasızlıq və etimad cəmiyyətin ruhunu yaşadar. Amma haqqın itirildiyi yerdə nə ədalət olar, nə də sabah.
  Nəticə olaraq Haqq yeyən cəmiyyətin dirəyi mütləq sınar. Çünki ədalətsizlik üzərində nə bina dayanır, nə də vicdan. Hər bir insan öz daxilindəki vicdan səsini dinləməli, haqqın qorunmasına töhfə verməlidir. Ədaləti yaşatmaq təkcə qanunla deyil, əxlaqla mümkündür. Unutmayaq ki, haqq yeyən millət gec-tez dağılır, amma haqqı qoruyan millət əbədi ucalır. Haqq — cəmiyyətin sütunudur, o sütun sınsa, hər şey dağılır.
_________________________________________________________________________________________________________
Minarə İsgəndər qələminə ədəbi- bədii baxış
Soruşmayın bu dünyada yaşadıqca nə gördüm?
Dünyalarca yalan satıb alanların görmüşəm.
İki kəlmə söz deməyi bacarmayan çoxusun
Ad- san ilə  göydə qanad çalanların görmüşəm.
Bu nə dövran, bu nə zaman,  nə yaşayış bu belə?
Kasıbların malın yeyən görmüsənmi bir belə?
İftiranı elə atır bəzisi gülə- gülə.
Doğru gəzib, xəstə düşüb solanların görmüşəm.
Hər sahədə pul arayır, pul axtarır çoxusu.
Sonra gedib rahat yatır, necə gəlir yuxusu?
Hücüm çəkir cumur ora harda var pul qoxusu.
Daş daşıyıb külfəti ac qalanların görmüşəm.
Xəstələndin, aparırlar həkimi pul soruşur.
Elə bil ki, var dövlətçin bir – biriylə yarışır.
Hətta təhsil sahəsi də bu yarışa qarışır.
Çox qanmazın pulla qiymət alanların görmüşəm.
Şəhidləri ildə cəmi iki dəfə anırlar.
Doğulanda və öləndə şəkil çəkib ” yanırlar” .
Elə gəlib gedir sanki özlərin şah sanırlar.
Süni dillə çox danışan yalanların görmüşəm.
Aparacaq beşcə metir bez, o da qismət olsa.
Eləsinin qəbrin dərin qaz, o da qismət olsa.
Gördüklərin yaz, a şair, yaz o da qismət olsa
Adın gəlcək xəyallara dalanların görmüşəm.
Hörmət ilə eldə yada salanların görmüşəm.
Minarə İsgəndər.
24. 08. 25.
Minarə İsgəndərin “SORUŞMAYIN BU DÜNYADA YAŞADIQCA NƏ GÖRDÜM?” şeirinə ədəbi-fəlsəfi təhlil:
      Bu şeir təkcə bir poetik ifadə deyil, həm də bir ömür hesabatıdır. Minarə İsgəndər burada sadəcə gördüklərini deyil, gördüklərindən doğan ağrını, təəssüfü və cəmiyyətin mənəvi aşınmasını ifadə edir. Şeirin ilk misrasındaca müəllif oxucunu dərin düşüncəyə çəkir: “Soruşmayın bu dünyada yaşadıqca nə gördüm?” – bu sual həm cavabdan qaçış, həm də cavabın ağırlığının etirafıdır. Ardınca gələn “Dünyalarca yalan satıb alanların görmüşəm” misrası isə dövrün mənəvi iflasının aydın təsviridir. İnsan dəyərinin ölçüsü həqiqətdə deyil, yalanın qiymətində axtarılır. Şeir boyu müəllifin səsi həm bir müşahidəçinin, həm də bir haqq axtaranın səsidir. İkinci bənddə o, dövrün əxlaq ölçüsünü sorğulayır: kasıbların malını yeyənlərin, iftiranı “gülə-gülə” atanların cəmiyyətdə adi hal alması, şairin vicdanında böyük bir sarsıntı yaradır. “Doğru gəzib, xəstə düşüb solanların görmüşəm” misrası mənəvi fəlsəfənin zirvəsidir. Haqlı olmaq bəzən cəzaya çevrilir, doğruçuluq xəstəlik kimi qarşılanır.
Üçüncü və dördüncü bəndlərdə şair sosial ədalətsizliyin konkret təzahürlərini poetik simvollarla təqdim edir. “Pul qoxusu” ifadəsi burada təkcə rüşvətin və tamahın simvolu deyil, həm də mənəviyyatın çürümə qoxusudur. Müəllif “həkimi pul soruşan”, “təhsil alanın qiymətini pulla alan” bir cəmiyyətin acı reallığını göstərərək insanlığa ünvanlanan açıq bir tənqid səsləndirir. Bu, poetik bir fəryaddır, həm də dəyərlərin məhv olduğu bir dünyada insanın öz vicdanını qorumaq mübarizəsidir. Növbəti bənddə isə müəllifin səsi bir qədər ironiyaya, bir qədər acı gülüşə bürünür. “Şəhidləri ildə cəmi iki dəfə anırlar” – bu cümlə təkcə sosial laqeydliyin deyil, həm də milli yaddaşın formal mərasimlərə çevrilməsinin ittihamıdır. “Doğulanda və öləndə şəkil çəkib yanırlar” – bu misrada saxta duyğuların, süni mərhəmətin ifşası var. Müəllif burada sanki sosial şəbəkələrin, göstərmə mədəniyyətinin içində itib-batan bir insanlığın aynasını tutur. Son bənddə isə poetik sükunət, sanki bir qəbir sükutu hökm sürür. “Aparacaq beşcə metr bez, o da qismət olsa” – insan həyatının mənasız maddi yarışlarının boşluğunu, faniliyin labüdlüyünü xatırladır. Şairə ölümü xatırladaraq həm cəmiyyətə, həm də oxucuya xəbərdarlıq edir. Bu yalan və riyakarlıq içində qalıcı olan tək şey yaxşı ad, dürüst niyyət və vicdanla yaşanmış ömürdür. Son iki misra – “Adın gəlcək xəyallara dalanların görmüşəm. Hörmət ilə eldə yada salanların görmüşəm.” – müəllifin bir ümid çırağıdır. Yəni hər şeyin pul, yalan və riyakarlıq üzərində qurulduğu dünyada yenə də vicdanlı, xatirəsi hörmətlə yad edilən insanlar var. Bu da insanlığın tükənmədiyinin işarəsidir. Ümumilikdə, Minarə İsgəndərin bu şeiri ictimai tənqidin, əxlaqi fəlsəfənin və şəxsi vicdan çağırışının mükəmməl vəhdətidir. O, xalq poeziyasının dil sadəliyini müasir dövrün mənəvi ağrıları ilə birləşdirərək həm realist, həm də dərin mənəvi mesajlı bir şeir yaradıb. Bu şeir həm tənqiddir, həm dərs, həm də çağırış. İnsanı öz vicdanına baxmağa, gördükləri qarşısında susmamağa dəvət edir.
Nəticə olaraq, Minarə İsgəndərin bu şeiri bir növ vicdan manifestidir. O, oxucunu yalnız hadisələrə baxmağa deyil, onları dərk etməyə çağırır. Burada həyatın gerçəkləri bəzəksiz, boyasız, təbii şəkildə göstərilir. Yalanın, tamahın, haqsızlığın içində çırpınan bir cəmiyyətin mənzərəsi çəkilir. Amma bu qaranlığın içində bir işıq da var, dürüst, təmiz, vicdanlı insanların xatirəsi. Şairin məqsədi oxucunun ruhunda bu işığı yandırmaq, “nə gördüm” deyərkən hər kəsin öz payını düşünməsini istəməkdir. Bu, həm bir xəbərdarlıq, həm də mənəvi dirçəliş çağırışıdır. Çünki bu dünyada ad-san deyil, əməllər qalır.
Müəllif: Sevil Azadqızı 
 Azərbaycan dill və ədəbiyyatı müəllimi. Ədəbi təhlil-tənqidçi. Şair-publisist 
   29.10.2025
Mənbə: Azərbaycan.media