🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rəşad Məcid: “Helenendorfun sonuncu şahidi” – Göygöldən gələn xoş sürpriz

XI Bakı Beynəlxalq Kitab Sərgisində zala göz gəzdirərkən “Alfacin” nəşriyyatının stendinin qarşısında naşir Mübariz Həsənovla qarşılaşdım. Mübariz bəy səmimi söhbətə başladı – rəhbərlik etdiyi nəşriyyatın Göygöl şəhərində fəaliyyət göstərdiyini, rayon rəhbərliyinin kitaba, ədəbiyyata göstərdiyi diqqəti, yaradılan şəraiti, eləcə də nəşr etdikləri maraqlı kitabları qeyd etdi. Ardınca isə Orxan Arazın “Helenendorfun sonuncu şahidi” adlı kitabını mənə hədiyyə etdi.
Bu, doğrudan da xoş bir sürpriz oldu. Həm bölgədə belə fəal bir nəşriyyatın fəaliyyət göstərməsi, həm də Orxan Araz kimi tanınmış bir müəllifin bu mövzuda kitabının işıq üzü görməsi mənə böyük məmnuniyyət bəxş etdi.
Orxan Araz – istedadlı nasir, jurnalist və tədqiqatçıdır. Uzun illər Almaniya və Türkiyədə yaşasa da, Azərbaycan sevdalısı, doğma ölkəsindən ruhən heç vaxt uzaq düşməyib. “525-ci qəzet”in daimi müəlliflərindən biri kimi onun yazılarını illərdir izləyirəm və hər zaman dəyərli fikirləri, bədii dili ilə seçildiyini bilirəm.
Sərgi günlərinin qayğıları arasında fürsət tapıb bu yığcam kitabı oxumağa başladım və elə birnəfəsə də oxuyub bitirdim. Müəllifin Vətən sevgisi, kəndlərimizə, bölgələrimizə, insanımıza olan dərin məhəbbəti bu kitabda da aydın duyulur.
Amma əsərin məhz Helenendorfun sonuncu şahidi – Sami adlı qəhrəmanla bağlı hissələri məni xüsusilə təsirləndirdi. Orxanın bu yaşlı insanla təsadüfi görüşü, onu illər sonra yenidən axtarıb tapması, onun dilindən yazıya alınan xatirələri və o dövrün hadisələrini emosional, səmimi bir dillə çatdırması kitabın ruhunu müəyyənləşdirir.
Orxanla əlaqə saxlayıb kitab münasibətilə təbrik etdim. Açığı, ondan Sami obrazının gerçək insan olub-olmadığını soruşmadım. Amma fərq etməz – istər real şəxs, istərsə də təxəyyül məhsulu olsun, bu obraz vasitəsilə ötürülən duyğular, xatirələr və Helenendorfun taleyi oxucuya dərin təsir bağışlayır.
Kitab, əslində, həm Azərbaycan, həm də Almaniya tarixinin kəsişdiyi bir nöqtəyə səyahətdir – vaxtilə Helenendorfda (indiki Göygöldə) yaşayan almanların həyatı, mədəniyyəti, faciələri və unudulmaz izləri bu əsərdə yenidən canlanır.
Mən istərdim ki, Orxan Araz bu əsərin əsas ideyasını daha geniş formada işləsin, almancaya tərcümə etdirib Almaniyada da nəşr etdirsin. Bu, həm Azərbaycan-Almaniya dostluğuna, həm də o bölgədə yaşamış almanların unudulmaz taleyinə bir ədəbiyyat körpüsü olar.
Əziz dostumuz Orxan Arazı bu dəyərli əsərinə görə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram. Göygölün “Alfacin” nəşriyyatının rəhbəri Mübariz Həsənova da təşəkkürümü bildirirəm – belə gözəl, mənalı nəşrlərlə bizi sevindirməyə davam etsin.
Mənbə: Azərbaycan.media