🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Sürpriz” – Məlahət Hümmətqızının hekayəsi

Məlahət HÜMMƏTQIZI
Həkim-yazıçı

1983-cü ilin yayı idi. Məktəbdən yenicə tətilə çıxmışdıq ki, atam Kəlbəcərə,  “İstisu” sanatoriyasına istirahətə gedəcəyimizi söylədi. “Sanatoriya” sözünü eşitcək elə bil qurbağa gölünə daş atıldı. Qardaşlarımla bir-birimizə  baxışdıq. Məndən üç yaş böyük qardaşımın qaşları düyünləndi. Otaqda var-gəl etməyə başladı. Barmaqlarını ovcuna sıxıb rinqə çıxan boksçular kimi  bir neçə dəfə digər əlinə çırpdı. Getmək istəmədiyini sözlə deyil, hərəkətləri ilə bildirdi. Mənə baxıb başını yellədi, yəni bu nə məsələdi? Planlarımız alt-üst  olmuşdu. Təcili bir şey etmək lazımdır ki, bizi özləri ilə aparmasınlar. Ürəyimdə plan cızanda atam bildirdi ki, qardaşlarım  nənəmlə  və xalamla Bakıda qalacaqlar, bircə mən gedəcəyəm.

Sanatoriyaya  getmək, rəfiqələrimdən ayrılmaq istəmirdim. Sanatoriyanın duzsuz, dadsız yeməklərini yemək, lax yumurta iyi verən suyunu içmək istəmirdim. Rejimlə yatmaq, rejimlə durmaqdan zəhləm gedirdi. Pijamada gəzən qoca kişilər, yaşlı qadınlar arasında nə edəcəkdim? Keçən yay tətilində sanatoriya sərgüzəştlərini dadmışdım. Oynamağa uşaq belə  yoxdu.  Dərman, xlor  iyi verən otaqlar, dəhlizlər ürəyimi bulandırırdı. Xəstəxanadan fərqi yoxdu. Hələ ağ xalatlı, üzü daim güləş həkimlərin, tibb bacılarının əlindən bezmişdim. Mənə vitaminləri elə məharətlə içirdirdilər ki, gəl görəsən. Əllərindən lap təngə gəlmişdim. Qaçıb gizlənməyə yer axtarırdım. Mən sanatoriyanı heç sevməmişdim. Yox, bu dəfə bilə-bilə sanatoriyaya getmək dəlilikdi. Bütün bəhanələri işə salmışdım. Başım ağrıyır, qarnım ağrıyır, halsızam deyərək bəhanələr gətirir, zır-zır zırıldayır, evdə hər kəsin iştahını  qaçırmışdım. Nə olur olsun, rayona, sanatoriyaya getməkdən yayınmaq istəyirdim.

Atam xasiyyətimə və nadincliyimə  bələd olduğundan məni evdə qohumlarımıza tapşırıb getmək istəmirdi. Bilirdi, nəzarətsiz qalsam, bir xata törədəcəm. Ona görə  bu “dəli qızı” özüylə aparmağa məcburdu.

Avqust gəldi. Anam yola hazırlıq görürdü. Atam axşam işdən qayıdanda qapını açan anam gözlərinə inanmamışdı. Atamın ayağının altında  nəhəng  qarpızı  görüb  mat qalmışdı.  Təngnəfəs olan atam bir neçə dəqiqə danışa bilməmişdi. Qarpızı beşinci mərtəbəyə  sürücüsü ilə birgə  qaldırmışdı.  Anam: “Bakıda bundan yekə qarpız  tapa bilmədin?”- deyib gülmüşdü. “Adil həkim zəng vurmuşdu, dedi gələndə böyük bir qarpız gətir. Güclə tapmışam. İyirmi kilodu. Yəqin  qonaqlıq  edəcək”.

Artıq Kəlbəcər səfəri ciddiləşmişdi, atamın dediyinə görə, gələn həftə yola çıxacaqdıq. Qarşıda bir həftə vardı. Bilirdim ki, nə etsəm xeyri yoxdu, atam məni aparacaqdı. Mən də niyyətimdə qərarlı idim, getməmək üçün yeni bəhanələr fikirləşirdim. Birdən ağlıma qəribə  fikir gəldi. Qarpız! Uşaqcasına fikirləşdim ki, qarpızı korlasam, atam hirslənib mənə acıqlanacaq, mən də küsüb rayona getməyəcəyəm. Qardaşlarım axşam evə yığışanda onlara futbol oynamağı təklif etdim.

– Necə? – deyə kiçik qardaşım soruşdu, – axı topumuz yoxdu. Mama gizlədib ki, şüşə sındırmayaq.

Mən:

– Narahat olmayın,  topumuz var, – deyib qarpızı dığırladıb ortalığa gətirdim.

Uşaqlar təəccüblə qarpıza baxdılar:

– Qarpızla futbol oynayacağıq? Buna təpik vursaq, ayağımız qırılar.

– Biz ayaqla deyil, əllə  oynayacağıq. Mən sizə dığırladacağam, sizsə mənə. Hətta oturdu da oynaya bilərik. Kim tez otursa, o qalib olcaq, – deyib onları  həvəsləndirdim.

Uşaq ki, uşaq. Necə sadəlövh imişik… Beləliklə, atam işə, anam dükan-bazara gedən kimi oynumuza başlayırdıq. Qarpız dığırlandıqca balaca qardaşım, gülür, sevinirdi. Hərdən qarpız  şkafın küncünə də dəyirid, onda narahat olurdum, nə olur-olsun, qarpız partlamamalı idi.

Günlər ötdükcə yeni oyunlar fikirləşir, qarpıza qarşı sui-qəsd planımızı yerinə yetirirdik. Yazıq qarpızın başına olmazın oyunlarını gətirirdik. Bostanın dinc pələngi artıq dilə gəlmişdi, dığırlandırdıqca içindən səs gəliridi. Artıq qorxmağa başlamışdım. Şux yaşıl rəngli qarpız tündləşmişdi. Artıq qarpızın atasını yandırmışdıq, atam onu qaldıranda içinin töküldüyünü anlayacaq, məni cəzalandıracaqdı.

Sən saydığını say, gör fələk nə sayır? Yola çıxacağımız gün atamın vacib işi çıxdı. Bizi sürücü ilə göndərəcəyini,  yolda bizə yetişəcəyini bildirdi. Bütün planlarım alt-üst olmuşdu. Mən nə edəcəyimi bilmirdim. Hirsimdən barmaqlarımı dişimlə gəmirirdim.  Artıq olacağa çarə yoxdu.

Atam  Kəlbəcərin enişli-yoxuşlu,  burma-burma  dağ  yollarında  qalmayaq deyə, arxamızca “Niva” maşını göndərmişdi. Dediyinə görə, dağa yalnız o çıxa bilərdi.  Sürrücü çətinliklə də olsa qarpızı  qucağına  götürüb maşının  baqajına qoydu. Anam lazım olan əşyaları çantaya yerləşdirib qapıda qardaşlarımla, nənəm və xalamla görüşdü.

– Ana, uşaqlar sənə  əmanət, onlardan muğayat ol. Sağlıqla qalın, görüşərik inşallah, – dedi.

– Get, uşaqlardan arxayın ol, qızım,  oğlanlar sakitdir, saxlamağa nə var ki? Sən  o yanındakı keçidən ehtiyatlı ol, dağ yeridi, yıxılıb eləməsin, – mənə baxıb güldü, sonra  könlümü almaq  üçün qucaqlayıb üzümdən öpdü.

Nənəmin sözlərindən incimədim, əksinə hamımız gülüşdük. Anamla maşına mindik. Hava açılmamış ertədən yola çıxdıq. Yol  boyu nə anam danışdı, nə də mən. Uzanan yollara baxıb xəyala daldım. Hərdən  mürgüləyirdim. Maşın dağların qoynuna qalxanda günəşin al-əlvan şüaları  üz-gözümü qıdıqlayıb məni yuxudan oyadırdı. Yuxulu gözlərimi açıb günəşə baxır, yenidən huşa gedirdim. Bir də ayılanda qabaq oturacaqda atamı görüb təəccübləndim. Atamın yolda bizi haxlamağından xəbər tutmamışdım. O, sürücü ilə şirin söhbət edir, anam da  qulaq asırdı. Mən pəncərədən az qala buludlaracan qalxan dağlara, sıldırım qayalara baxıb vahimələnrdim. Macəra filminin içinə düşmüşdüm sanki. Özümü qorxulu filmlərdəki kmi hiss edirdim. Pəncərədən aşağı, dolanbac yollara baxıb, tez də gözlərimi yumurdum. Maşınımızın dərəyə aşacağından qorxurdum. Yüksəkliyə qalxdıqca  ürəyim bulanırdı. Yolda bir neçə  dəfə qaytardım da. Maşın dağın başına qalxdıqca halım pisləşirdi. Anam təzyiqimin yüksələcəyindən qorxurdu.  Özünə götürdüyü dərmandan mənə də içirdi. Atam tez-tez maşını saxlatdırır, “bir az da döz, çatırıq”, – deyib məni sakitləşdirməyə çalışırdı.

Gözlərimi açanda anamı başımın üstündə gördüm. Göz yaşlarını gizlətməyə çalışırdı. Qulağıma yad adamın səsi gəliirdi. Deyəsən, sanatoriyanın baş həkim idi, mənə baş çəkməyə gəlmişdi. Atam  onun haqqında çox damışmışdı deyə, ağlıma gəldi ki, gələn o olacaq. Yanılmamışdım. Həkim  yaxınlaşıb alnımdan öpdü. Üzünü  atama  tutub:

– Müəllim, maşallah, Allah saxlasın, gül baladı. Şükür, yaxşıdır. Bizim dağlara qalxmaq hələm-hələm adamın işi deyil, – dedi, – dur ayağa, mənim balam, bu cənnət məkanda xəstələnmək olmaz, insanlar buraya şəfa tapmağa gəlirlər. Havaya çıx, özünə gələcəksən, – üzünü atama tutub davam etdi, – sabah axşam qonağımsınız. Qarpız yaddan çıxmasını ha… – deyib bərkdən güldü.

Ürəyim qopdu, qarşıda məni nə gözlədiyini təsəvvür etməyə başladım. “Başıbəlalı”qarpızı atamdan istəyən  bu adammış və mənim üzümdən atam bu mehriban insanın yanında xəcalətli qalacaqdı. Çox peşmandım, amma  daldan atılan daş topuğa dəyər.

Qonaq atamla  bir az  söhbət edib getdi. Az sonra valideynlərimlə sanatoriyanın həyətinə çıxdıq. Xeyli gəzdik, yerin altından qaynayıb çıxan “İstisu” bulağının dupduru suyundan içdik. Təbiətin çəkdiyi füsunkar mənzərə gözlərimizi qamaşdırırdı. Həkimin  dediyi kimi, bura şəfa qaynağı idi.  Gömgöy səmada süzən nəhəng qartallar bu əsrarəngiz diyarda insana bir əfsanə, nağıl ovqatı bəxş edirdi. Göz qamaşdıran, göylərəcən ucalan dağlar,  sivri  qayalar,  gen dərələr, özünü dağ  başından atan və ətrafa inci səpələyən şəlalə qeyri-adi mənzərə yaradırdı. Əlimi alnıma qoyub sanatoriyanın həyətindən yüksəkdə hərəkət edən avtobuslara baxmaqdan yorulmurdum. Hərdən elə bilirdim ki, başqa zamana, mistik bir ölkəyə düşmüşəm, sehrli xalatın köməyilə. Bir də “Taxtabazar” adlanan alış-veriş yeri müasir çağımızın göstəricisi idi. Yerli və xarici  qonaqlar hökmən o bazara  baş çəkir, yadigar olaraq  suvenirlər alırdılar. Yüksəkliyə qalxarkən təzyiqimin  yüksəlməyindən qorxan valideynlərim “Taxta bazar” arzusunu ürəklərində saxlamışdılar. Amma yaxşı ki, getməkdən vaz keçmişdilər. Yollar çox dar, təhlükəli idi. Avtovuslar hərəkət  etdikcə  yol kənarından  xırda  qayaların qopub dərəyə  düşdüyünü görürdük.

Buranın  havası da qəribə idi. Gün ərzində bir neçə dəfə üzü dönürdü. Qəfil  göyün üzünü qara buludlar alır, göy guruldayır,  yağış yağırdı. Daldalanmaq üçün hərə  bir tərəfə çəkilirdi. Sakit yağmağa başlayan yağışın ardınca göy şaqqıldayaraq gurultu qoparır, yer-göy lərzəyə gəlirdi, dağ-daş zəngi çalırdı. Gurultu kəsilincə yağış şırıltısı simli orkestr kimi səslənirdi. Sonralar Şopenin “yağış” valsını dinləyəndə hər dəfə o günlərin əks-sədasını eşidirmiş kimi olurdum. Göy son akkordlarını nöqtələyib yeddi rənglə bərq vururdu. Göyqurşağı deyilən möcüzəni ilk dəfə Kəlbəcərdə gördüm. Yağışdan sonra güllərin, çiçəklərin rayihəsi aləmi bürüyürdü. Sanki havaya yasəmən və qızılgül ətri çilənirdi. Hiss  olunurdu ki, hava istər-istəməz  insanın ruhunu ağuşuna  alır.

Axşam filmlər nümayiş olunurdu. Azı  üç-dörd dəfə tamaşa etdiyim “Bobbi” adlı hind  filmi  ucqar dağların  başına  qədər gəlib çıxmışdı.

Kəlbəcərdə  gördüyüm hər şey mənə maraqlı gəlirdi. Turistlərin sayı-hesabı yox idi. İnsanlar arı kimi qaynaşırdılar. Səhərlər bulağa enir, lüləkli stəkanlarla istisu içirdik. Gün ərzində valideynlərim “istisu “ müalicəvi vannaları, naftalan vannaları qəbul edir, masaj, fizioterapiya  prosedurları götürürdülər.

Demək olar ki, Kəlbəcəri qarış-qarış gəzdik. Dağ döşündə görünən yamaclar,  ətəklərində bitən çiçəklər bizi heyran etmişdi. Bir xeylax gəzib gülləri, çiçəkləri  iylədik. Anam bildiyi, tanıdığı otlardan, çiçəklərdən yığdı. Atam da arıçılardan bal almağı  unutmadı.

Həmin günün axşamı Bakıdan gətirdiyimiz  sovqatı  götürüb baş həkimin evinə qonaq getdik. Tərslikdən atam bu dəfə də qarpızı  aparmağı  sürücüyə  həvalə etdi. Ev meşənin düz ortasındaydı. Dağ döşündən axan şəlalənin səsi evdə aydın eşidilirdi. Dağ o qədər yaxından görünürdü ki, elə bilirdin, əlini uzatsan, dağa,  şəlaləyə  toxunacaq. Həkim atamın şəniniə qonaqlıq təşkil etmişdi. Süfrədə bizdən başqa  bir neçə  qonağı  da vardı. Məclis çox gözəl  və şən keçirdi. Bakıdan gələn  qonaqlara sağlıqlar deyilir, badələr qaldırılırdı. Nəhayət, yeməkdən  sonra  süfrəyə  təmtəraqla Bakı sovqatı gətirildi. Qarpızı görəndə halbahal oldum, ürəyim həyəcandan atlanıb-düşürdü. Süfrə başında əyləşən qonaqların gözü həkimin əlindəki bıçaqda  idi. Həkimin kefi saz idi, ayaq üstə güclə dururdu. Həkimin bıçağı qarpıza toxundurmağı ilə qarpızın bomba kimi partlamağı bir oldu. Qarpızın qıpqırmızı şirəsi fəvvarə kimi ətrafa sıçradı, adamların üz-gözü, üst-başı bulaşdı. Ətraf qarpız gölünə çevrildi. Gözlənilməz partlayışdan həkim özünü itirmişdi, nə baş verdiyini bir anlıq anlamadı. Gülməli səhnə yaranmışdı, məclis əhli  süfrədən qalxıb üst-başını təmizləyirdi. Atam nə baş verdiyini artıq anlamışdı və üst- başını təmizləyə-təmizləyə əsəbi halda mənə baxırdı. Həkim də ayılan kimi olmuşdu, atamın baxışlarından nəsə hiss etmişdi. Həkim mənə baxıb qəfildən qəh-qəhə çəkdi. Çox keçmədən qonaqlar da ona qoşulub gülüşdülər, atam da gülürdü. Ürəyim yerinə gəldi, qurtulmuşdum. Qeyri-ixtiyari gülüşlər mənə də sirayət etdi. Mən də gülürdüm. Ürəyimdə isə özümü danlayırdım, təxribat planına gərək yoxmuş, yaxşı ki, atam məni Kəlbəcərə gətirmişdi. Qardaşlarıma, rəfiqələrimə nələr danışacaqdım, nələr…

Azərbaycan.media