Azərbaycan.media xəbər verir ki, Peter Pellegrini-nin Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiya (WUF13) çərçivəsində Slovakiya yüksək səviyyədə təmsil olunacaq.
“Baş nazirin müavini, eləcə də regional inkişaf naziri tədbirdə iştirak edəcək. Bundan əlavə, artıq may ayında, forum ərəfəsində parlament sədrinin səfəri gözlənilir. Həmçinin Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır”, – deyə diplomat bildirib.
E.Qasımov qeyd edib ki, Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Onun sözlərinə görə, tərəflər müdafiə sənayesi və infrastruktur layihələri sahəsində uğurla əməkdaşlıq edir.
Diplomat Qarabağa səfəri ilə bağlı təəssüratlarını da bölüşüb: “Çox müsbət təəssüratlarım formalaşıb. Qarabağda artıq bir neçə dəfə olmuşam, buna görə ümumilikdə təəssüratlarım müsbətdir”.
Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Hikmət Hacıyev-in müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edir. İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir.
Səfər çərçivəsində iştirakçılar regionda aparılan yenidənqurma və bərpa işləri ilə yerində tanış olmaq, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.
