🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Millət vəkili Elnarə Akimova: Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması aydın siyasi siqnaldır

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova parlamentin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını şərh edib.
Onun sözlərinə görə, Avropa Parlamenti son illərdə Azərbaycana münasibətdə tutduğu mövqe ilə açıq şəkildə qərəzli siyasi mərkəzə çevrildiyini nümayiş etdirir. Deputat bildirib ki, eyni regionda baş verən hadisələrə selektiv yanaşma, eyni faktlara fərqli münasibət beynəlxalq hüquqa və Avropanın daim təbliğ etdiyi “dəyərlər sisteminə” uyğun deyil.
“Avropanın siyasi dairələrinə artıq açıq və sərt şəkildə demək lazımdır: əgər ədalətdən danışırsınızsa, əvvəlcə özünüzdən başlayın”, – deyə o vurğulayıb.
Elnarə Akimova qeyd edib ki, Milli Məclisin bu gün qəbul etdiyi qərar emosional addım deyil, illər boyu yığılıb qalan ədalətsizliyə verilmiş siyasi cavabdır:
“Parlamentlərarası dialoq yalnız qarşılıqlı hörmət və obyektivlik olduqda məna kəsb edir. Əgər bu platforma birtərəfli ittihamlar və qərəzli qətnamələr üçün tribuna kimi istifadə olunursa, orada iştirak formal xarakter daşıyır və real nəticə vermir”.
Deputat diqqətə çatdırıb ki, məsələ başqa cür qoyulmalıdır: niyə Avropa Parlamenti artıq 13-cü dəfə Azərbaycana qarşı qətnamə qəbul edir? Onun fikrincə, Azərbaycanın hər bir uğurundan sonra yeni siyasi hücumların baş verməsi təsadüfi deyil.
Akimova əlavə edib ki, Avropada uzun illərdir müxtəlif təsir qrupları, xüsusilə erməni diaspor şəbəkələri fəal şəkildə fəaliyyət göstərərək siyasi platformalarda informasiya gündəmini formalaşdırır. Bu təsirin ayrı-ayrı deputatların çıxışlarında, təkrarlanan tezislərdə və təşəbbüslərdə açıq şəkildə müşahidə olunduğunu deyən deputat vurğulayıb ki, nəticədə regiondakı real mənzərə təhrif edilir və Azərbaycan məqsədli şəkildə təzyiq obyektinə çevrilir.
Onun sözlərinə görə, maraqlıdır ki, eyni Avropa siyasi liderləri regionla bağlı real qərarlar qəbul edərkən fərqli davranırlar:
“Ermənistanda keçirilən görüşlər ərəfəsində aparıcı Avropa liderləri əvvəlcə Azərbaycana səfər edir, Prezidentlə məsləhətləşmələr aparır və ölkəmizin regiondakı rolunu açıq şəkildə etiraf edirlər. Bu fakt özü hər şeyi deyir. Azərbaycan artıq enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik baxımından Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan ölkədir”.
Deputat hesab edir ki, bir tərəfdən bu reallığı qəbul edib əməkdaşlıq axtarmaq, digər tərəfdən isə siyasi tribunalardan tam əks ritorika səsləndirmək açıq ikili standartdır və belə yanaşma nə səmimidir, nə də davamlı.
<span;>Akimova vurğulayıb ki, Azərbaycan öz mövqeyində qətidir:
“Biz ərazi bütövlüyümüzü beynəlxalq hüquqa əsasən bərpa etmişik və bu faktı heç kim dəyişə bilməz. Bizi “aqressor” kimi təqdim etmək cəhdləri ya səriştəsizliyin, ya da məqsədli manipulyasiyanın nəticəsidir. Heç bir təzyiq Azərbaycanı prinsipial mövqeyindən döndərə bilməz. Bu gün qəbul edilən qərarlar sadəcə diplomatik jest deyil, aydın siyasi siqnaldır: Azərbaycan bərabərhüquqlu münasibətlər tələb edir. Əgər Avropa Parlamenti və ümumilikdə Avropa İttifaqı bu reallığı qəbul etməzsə, nəticədə uduzan tərəf məhz Avropa olacaq. Çünki qərəz üzərində qurulan siyasət nə etimad, nə tərəfdaşlıq, nə də sülh yaradır”.

Mənbə: Azərbaycan.media