🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əli göy üzünə çatan şair… – Fuad Biləsuvarlı yazır

“… Nazim Əhmədli təpədən-dırnağa sözdür, duyğulu, bədii, poetik söz! Onun ürəyi həqiqətən də söz arasına bükülüb və bizim oxucularımız hələ ondan çox-çox poetik söz umacaq…”

Tanınmış tənqidçi, ədəbiyyatşünas, professor Qurban Bayramov bu sözləri şair Nazim Əhmədlinin 2019-cu ildə işıq üzü görmüş “Unutduğum göy üzü” şeirlər toplusuna yazdığı ön sözdə deyir.

Bəri başdan deyim ki, poeziya yolunun yolçusu kimi, həmin topludakı şeirlərlə tanış olduqdan sonra hörmətli ön söz müəllifinin fikirlərinə tamamilə şərik oldum.
Həqiqətən ” … Nazim Əhmədlinin şeirlərinin yanından elə-belə ötüb-keçmək mümkün deyildir. Onun hər bəndi oxucunu tutub saxlayır, diqqət çəkir, həndəvərində dolandırır…”

Bu, hər bir söz adamının, ələlxüsus hər bir şairin ən böyük arzusudur. Sevinirəm ki, şair qardaşımız Nazim Əhmədli bu zirvəni fəth edə bilmişdir.

İstedadlı şair xeyli vaxtdır ki, poeziya aləmindədir, ürəyinin atəşini, odunu yazdığı şeirlərin misralarında söndürür.
O, müqəddəs sözlə məşhur rəssamlar kimi əsl bədii lövhə yaradır.

– Ocaq söndü köz atdım
Ulduzlara söz atdım;
Əllərimi uzatdım
Göy üzünə toxundu.

Sevgi, məhəbbət çox zərif, incə hislərdir. Bu hisləri bütün insanlar yaşayır. Ancaq hərə özünəməxsus şəkildə.
Bir şair kimi Nazim Əhmədlidə də bu hislər tamam başqa bir aləmdir.

-Gəl, səni ürəyimin
Köynəyindən keçirim.
Bir az, ürəyimdə qal
Gör, mən nələr çəkirəm.

Mən dərd daşıdım burda,
Dağlar yaşıdım burda
Bəsdi yaşadım burda
Uzaqlara köçürəm.

“Əllərim tutub yanır” şeirindəki misralara nəzər yetirin:

– Bilmirəm, sən mənim kimim
Saçımda ağ dənim kimin
Ay gözəlim, mənim kimi
Dəlini neynirsən, axı.

Yarpağam, otam üz məni,
Qara telinə düz məni
İçim yandırır özgəni
Çölümü neynirsən, axı.

Şairin “eşqin dərgahına gül olan könlünün səsi oxucularda yaşanmış sevgi hislərinə sığal çəkir, xatirələri oyadır.

-Bax, ulduzlar qönçə-qönçə
Sözün göyçək, belin incə
Gəl, canımı al bu gecə
Apar, əzrayıl yerinə.

Və yaxud:

– Xanam, həm də xanə mənəm
Qəməm, həm qəmxanə mənəm
O, dəli divanə mənəm
Harda ovudum, könlümü.

Düzü, topludakı şeirləri oxuduqca hansı şeirdən nümunə gətirməyi seçməkdə, çətinliklə üzləşdim. Çünki şairin heç bir şeirindən, təsirləndirən misralarından sakitcə ötüşə bilmədim.

-Mənə bir yalan danış,
Sonra nağıldı demə.
Dağların nəyi qalıb
Dağlar ağırdı, demə.

Bulud hanı, əliyəm,
Aralıqda ləliyəm
Mən də bir az dəliyəm
Mənə ağıllı demə.

Nazim Əhmədlinin şeirlərini oxuduqca oxumaq istəyirsən. O, şeirlərində çox səmimidir. Hansı mövzuda yazırsa, yazsın, oxuyursan, elə bilirsən, elə sənin özünün şahidi olduğun, yaxud başına gələn hadisədir. Məncə, bu, istedadlı şair dostumuzun çox böyük uğurudur. Axı, hər şair oxucunun qəlbini belə “titrədə” bilmir.

-Ah çəkirəm, ah oynayır
Gah ağlayır, gah oynayır
Dörd yanda günah oynayır
Sıxır, açıq ürəyimi.

Tanrı məni quş eləsin
Dərdi-səri daş eləsin
Kimə verim nuş eləsin
Mən, bu aşiq ürəyimi.

Bir şair kimi Nazim Əhmədlinin gəraylı janrına müraciət etməsi alqışlanmalıdır. Onun bu janrda şeirləri çox uğurlu alınır; sadə, səmimi, oxunaqlı. Gəraylılarında yaratdığı təşbehlərinə isə söz ola bilməz.
Əsl poetik lövhələrdir.

Yaşadığımız ömür payının hər bir günü xatirələrlə doludur. Bu şirin xatirələr tez-tez xatırlanır, unudulmur.
Və bu xatirələr hərənin qəlbində bir cür yurd salıb. Nazim Əhmədli “Ömrün yüz ili gedib” şeirində belə deyir:

-Yol gedib yorulmuşam
Gün vurub qaralmışam
Yatıb harda qalmışam
Ömrün yüz ili gedib.

Şair qardaşımız ömrünün bir şair kimi ən məhsuldar dövrünü yaşayır.
Yeni-yeni şeirləri ilə oxucularının görüşünə tələsir. Bu görüşlərin isə sonu yoxdur. Topludakı ön sözün müəllifinin təbirincə desək, Nazim Əhmədlinin “poetik duyğuları həm yer üzünün, həm də göy üzünün yaddaşıdır…”
Yeni görüşlər həsrəti ilə, şair qardaş.

 

Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü,
Prezident və Həsən bəy
Zərdabi mükafatçısı,
Azerbaycan.media saytının rəhbəri.

Mənbə: Azərbaycan.media