Azərbaycan.media xəbər verir ki, “Vətəndaşların müraciətləri haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisdə müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Qanun layihəsinə əsasən, vətəndaşların müraciətlərinə dair bir sıra yeni tələblər müəyyənləşdirilir. Yeniliklərə görə, müraciət edən şəxslər cavabın hansı üsulla təqdim olunacağını əvvəlcədən seçə biləcəklər. Bu seçimə elektron ünvan, poçt vasitəsi və ya Elektron Hökumət İnformasiya Sistemi (EHİS) daxildir.
Dəyişikliklərdə həmçinin göstərilir ki, müraciətin EHİS üzərindən cavablandırılması istənildikdə fiziki şəxslər üçün fərdi identifikasiya nömrəsinin (FİN), hüquqi şəxslər üçün isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) təqdim olunması tələb ediləcək. Elektron ünvan vasitəsilə cavab almaq istəyən şəxslər isə müvafiq e-poçt ünvanını qeyd etməlidirlər.
Qanuna əsasən, elektron müraciətlərə baxan qurum və ya vəzifəli şəxs müraciət sahibinin seçiminə uyğun olaraq cavabı elektron qaydada, poçt vasitəsilə və ya EHİS üzərindən təqdim edəcək. Əgər tələb olunan məlumatlar göstərilməzsə, müraciətə poçt vasitəsilə yazılı cavab veriləcək.
Eyni zamanda, vətəndaşların qəbuluna yazılma proseduru da dəqiqləşdirilir. Belə ki, vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət edə, rəsmi internet resursları və ya EHİS üzərindən elektron imza ilə qeydiyyatdan keçə biləcəklər. Qəbula gələn şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməli, nümayəndə vasitəsilə müraciət olunduqda isə müvafiq səlahiyyət sənədi göstərilməlidir.
Qeyd olunur ki, dəyişikliklərin əsas məqsədi elektron hökumət mexanizmlərinin hüquqi bazasını gücləndirmək, dövlət idarəçiliyində operativliyi və səmərəliliyi artırmaqdır.
