Azərbaycan.media xəbər verir ki, Milli Məclisdə müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” qanun layihəsi çərçivəsində jeton sisteminin tətbiqi və genişləndirilməsi məsələsi gündəmə gəlib.
Deputat Siyavuş Novruzov parlamentin plenar iclasında çıxışı zamanı bildirib ki, indiyədək bəzi hallarda qeyri-rəsmi şəkildə istifadə olunan jetonların artıq normativ qaydada hazırlanması və tətbiqi zəruridir. Onun sözlərinə görə, təqdim olunan layihə bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, jeton sistemi beynəlxalq praktikada geniş yayılıb və müxtəlif ölkələrdə fərqli formalarda tətbiq olunur. Bəzi ölkələrdə bu sistem yalnız xüsusi təyinatlı qüvvələrə şamil edilsə də, digərlərində bütün hərbi qulluqçuları əhatə edir.
Siyavuş Novruzov vurğulayıb ki, jetonlar təkcə identifikasiya vasitəsi deyil, eyni zamanda fövqəladə hallarda həyati əhəmiyyət daşıyan məlumatları özündə əks etdirir. Bu məlumatlara şəxsin qan qrupu, allergiyaları və digər tibbi göstəricilər daxildir ki, bu da operativ tibbi yardımın göstərilməsini asanlaşdırır.
Deputat əlavə edib ki, gələcəkdə bu sistemin yalnız hərbçilərlə məhdudlaşmaması da məqsədəuyğundur. Onun fikrincə, yanğınsöndürənlər və mina axtaranlar kimi riskli sahələrdə çalışan şəxslər üçün də jeton sisteminin tətbiqi faydalı ola bilər.
Çıxış zamanı məktəblərdə hərbi və fiziki hazırlıq məsələsinə də toxunan deputat bu sahədə mövcud vəziyyətin qənaətbəxş olmadığını bildirib. Onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə praktiki hazırlıq imkanları azalıb və bu da gənclərin orduya hazırlıq səviyyəsinə təsir göstərir.
Siyavuş Novruzov hesab edir ki, gənclərin hərbi xidmətə daha hazırlıqlı yollanması üçün məktəblərdə bu istiqamətdə təlimlər gücləndirilməli və praktiki məşğələlərə daha çox yer verilməlidir.
