Azərbaycan.media xəbər verir ki, Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması üzrə pilot layihənin icrasına başlanılıb.
Layihə çərçivəsində Şuşada keçirilən ilk görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri və vətəndaş cəmiyyəti institutları iştirak ediblər. Tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən bildirilib ki, DİM-lərin yerli səviyyədə tətbiqi ölkənin sosial-iqtisadi inkişaf prioritetləri baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüşdə Aydın Kərimov və iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov çıxış edərək DİM-lərin lokallaşdırılmasının vacibliyi, dövlət qurumlarının bu prosesdə rolu və qarşıdakı əsas prioritetlər barədə məlumat veriblər.
Müzakirələr zamanı DİM-lərin lokallaşdırılması prosesi, beynəlxalq təcrübə, şəhər səviyyəsində tətbiqin sosial-iqtisadi təsirləri, eləcə də dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin əməkdaşlıq imkanları geniş müzakirə olunub. Həmçinin növbəti mərhələdə həyata keçiriləcək fəaliyyətlər və koordinasiya mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində akademik heyət və tələbələrlə görüş təşkil olunub. Tədbirdə universitetin rektoru Şahin Bayramov və Hüseyn Hüseynov DİM-lərin elmi tədqiqatlarda əhəmiyyəti və lokallaşdırma prosesində akademik dairələrin rolu barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, DİM-lərin lokallaşdırılması üzrə yeni istiqamətə start verilib və bu çərçivədə Şuşa və Naxçıvan pilot ərazilər kimi müəyyən edilib. Qarşıdakı illərdə DİM-lərin yerli səviyyədə tətbiqi və inteqrasiyası istiqamətində mərhələli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
