28 aprel 2026-cı il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin təşkilatçılığı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun və Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə “Karyera planlaşdırılması və düzgün peşə-ixtisas seçimi” mövzusunda “LevelUP” karyera forumu keçirilib.
Forumun əsas məqsədi gənclərin karyera planlaşdırılması prosesində düzgün istiqamət seçmələrinə dəstək olmaq, peşə və ixtisas seçiminin əhəmiyyətini izah etmək, eləcə də əmək bazarının tələblərinə uyğun inkişaf yollarını təqdim etmək olub.
Tədbirin açılış mərasimində çıxış edənlər – Biləsuvar rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ziya Qurbanov, Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri Müşfiq Dadaşov, GİKM-in Şirvan-Salyan regional nümayəndəliyinin koordinatoru İsmayıl Ağacanlı bildiriblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir və gənclərin hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılır. Qeyd olunub ki, dövlət tərəfindən gənclərə göstərilən diqqət onların həm düzgün peşə seçiminə, həm də gələcək uğurlu karyera quruculuğuna mühüm töhfə verir.
Forum Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zahidə Heydərovanın moderatorluğu ilə keçirilən panel müzakirəsi ilə davam edib. Paneldə Biləsuvar rayon Yuxarı Cürəli kənd tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi, beynəlxalq təhsil eksperti və təlimçi Azər Əliyev, Biləsuvar Peşə Liseyinin direktoru Nərmin Muradlı, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin milli və beynəlxalq Kembric siniflərində coğrafiya müəllimi, ixtisas seçimi üzrə mütəxəssis Afərin Şirinov çıxış ediblər.
Çıxışlarda əsasən düzgün karyera planlaşdırılmasının və peşə-ixtisas seçiminin vacibliyi vurğulanıb. Qeyd olunub ki, gənclərin maraq və bacarıqlarına uyğun sahə seçməsi onların gələcək uğurunun əsasını təşkil edir. Spikerlər öz təcrübələrini bölüşərək, ixtisas seçimi zamanı diqqət edilməli məqamlar, əmək bazarının tələblərinə uyğun peşələrin müəyyənləşdirilməsi və şəxsi inkişafın rolu barədə ətraflı məlumat veriblər.
Panel müzakirədən sonra Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Biləsuvar KOB Dostu Elməddin Əliyev çıxış edərək gənclərin regionda məşğulluq imkanlarının genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə çıxış imkanları və gənclər üçün elan olunan qrant müsabiqələrində iştirak qaydaları barədə ətraflı məlumat verib.
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gənclərə düzgün peşə-ixtisas seçimi ilə bağlı faydalı tövsiyələr verilib.


Mənbə: Azərbaycan.media
