Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində elektrikli hava taksilərinin sınaq uçuşları həyata keçirilib.
Məlumata görə, test uçuşları uğurla baş tutub və hazırda yoxlama prosesi davam etdirilir. Yeni nəsil nəqliyyat vasitələri şaquli qalxış edərək havaya qalxır, daha sonra irəli hərəkət edərək təyyarə rejiminə keçir.
Bildirilib ki, 5 nəfərlik hava taksiləri əsasən qısa məsafələr üçün nəzərdə tutulub. Elektriklə işlədiyinə görə bu nəqliyyat vasitələri həm səssizdir, həm də karbon emissiyası sıfıra bərabərdir.
Layihənin əsas məqsədi iri şəhərlərdə sıx nəqliyyat problemini azaltmaqdır. Qeyd olunur ki, bu sistem vasitəsilə hazırda 2 saat çəkən məsafəni 10 dəqiqədən az müddətdə qət etmək mümkün ola bilər.
Hazırda texnologiyanın təhlükəsizliyi və şəhər infrastrukturuna uyğunluğu test edilir. Mütəxəssislər hesab edir ki, yaxın illərdə hava taksiləri böyük şəhərlərdə geniş tətbiq oluna bilər.
