🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

May ayının hava proqnozu açıqlandı – Temperatur iqlim normasına yaxın olacaq

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti may ayı üçün ölkə üzrə hava proqnozunu açıqlayıb.
Məlumata əsasən, bu ilin may ayında orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının isə əsasən normaya yaxın olacağı, lakin ayrı-ayrı günlərdə intensiv yağışların müşahidə edilə biləcəyi bildirilib.
Bakı və Abşeron
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 18–20°C olacağı, gündüzlər isə bəzi günlərdə havanın 27–32°C-yə qədər yüksələcəyi proqnozlaşdırılır. Aylıq yağıntının 18–21 mm civarında olacağı gözlənilir.
Regionlarda hava şəraiti
Naxçıvan Muxtar Respublikasında temperaturun 18–22°C arasında dəyişəcəyi, bəzi günlərdə 35°C-yə qədər isti keçəcəyi ehtimal olunur.
Dağlıq və dağətəyi rayonlarda – Xankəndi, Şuşa, Kəlbəcər və digər ərazilərdə orta temperatur 14–18°C olacaq, bəzi günlərdə isə 30°C-yə yaxın isti hava müşahidə edilə bilər.
Qərb və şimal-qərb rayonlarında (Gəncə, Şəmkir, Qax, Şəki və s.) temperaturun 16–21°C arasında dəyişəcəyi, bəzi günlərdə isə 30–35°C isti olacağı bildirilir.
Cənub bölgəsində (Lənkəran, Astara, Masallı və s.) orta aylıq temperaturun 17–20°C olacağı, ayrı-ayrı günlərdə 34°C-yə qədər istilik gözlənildiyi qeyd olunur.
Yağıntılar
Xidmətdən bildirilib ki, ölkənin əksər ərazilərində yağıntıların miqdarı normaya yaxın olacaq. Lakin bəzi bölgələrdə, xüsusilə dağlıq ərazilərdə yağıntının normadan bir qədər çox olması ehtimal edilir.
Qeyd edək ki, ayın ilk ongünlüyündən sonra bəzi rayonlarda yağıntıların intensivləşməsi də istisna edilmir.