Azərbaycan.media xəbər verir ki, Niderland Azərbaycanla parlamentlərarası məsləhətləşmələrin keçirilməsinə ümid etdiyini açıqlayıb.
Bu barədə Niderlandın Bakıdakı səfiri Marian de Yonq keçirdiyi brifinqdə məlumat verib. O, ölkə parlamentinin Azərbaycanın suverenliyi və Ermənistanla sülh prosesi ilə bağlı qəbul etdiyi sənədlərə münasibət bildirərkən bu fikirləri səsləndirib.
Səfir qeyd edib ki, sözügedən sənədlərlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyir.
Marian de Yonq vurğulayıb ki, Niderland hökumətinin Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı mövqeyi balanslı olaraq qalır:
“Biz hər iki ölkə ilə dialoq aparırıq və regionda sülhün əldə olunmasını dəstəkləyirik. Bu, olduqca vacibdir. Hökumətimizin mövqeyi dəyişməyib və dəyişməz olaraq qalır”.
Diplomat əlavə edib ki, baş verənlərin hökumətlərarası münasibətlərə mənfi təsir göstərməyəcəyinə ümid edir. Onun sözlərinə görə, parlamentlərarası məsləhətləşmələrin təşkili nümayəndələr arasında birbaşa ünsiyyət üçün yaxşı imkan yarada bilər.
