Azərbaycan.media xəbər verir ki, Bakı Metropoliteni 17–22 may 2026-cı il tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) dövründə gücləndirilmiş iş rejiminə keçəcək.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, forum günlərində sərnişin axınının artması nəzərə alınaraq hərəkət qrafikinə zəruri düzəlişlər ediləcək və pik saatlarda qatarların intervalı minimuma endiriləcək.
Məlumata görə, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə bəzi stansiyalara əlavə işçi qüvvəsi və könüllülər cəlb olunacaq. Eyni zamanda xətdə ehtiyat qatarlar da hazır vəziyyətdə saxlanılacaq.
Qurumdan o da qeyd olunub ki, WUF13 müddətində əməliyyatların daha səmərəli təşkili üçün aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət həyata keçiriləcək.
Metrodan ödənişsiz istifadə ilə bağlı hər hansı qərarın verilib-verilməyəcəyi isə yalnız WUF13 Əməliyyat Şirkəti ilə birgə açıqlanacaq.
