🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fatma Mahmudova səhhətindən danışdı – Xalq artisti müalicə üçün dəstək gözləyir

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Fatma Mahmudova səhhətində yaşadığı problemlər və uzun sürən müalicə prosesi barədə açıqlama verib.
Sənətçi bildirib ki, səhhəti əvvəlki kimi deyil və artıq bir ildən çoxdur xəstəliklə mübarizə aparır:
“Əvvəlki kimi gücüm, qüvvətim yoxdur. Müalicəm hələ də davam edir. Düz bir il yarımdır ki, xəstəlikdən əziyyət çəkirəm”.
Uzun fasilədən sonra səhnəyə qayıtmağa hazırlaşan Xalq artisti Azərbaycan Dövlət Akademik Musiqili Teatrında iki tamaşada rol alacağını deyib. Onun sözlərinə görə, “Ər və arvad” tamaşasında mayın 1-də epizodik rol ifa edəcək, mayın 3-də isə “Beş manatlıq gəlin” tamaşası ilə səhnəyə çıxacaq.
Fatma Mahmudova həmçinin müalicə xərclərinin yüksək olduğunu vurğulayıb və bu səbəbdən Heydər Əliyev Fonduna müraciət etməyi planlaşdırdığını bildirib:
“Dərmanlarım çox bahadır. Heç bir köməyim yoxdur, maaş və təqaüdlə dolanıram. Ümid edirəm ki, Heydər Əliyev Fondu mənə dəstək olar. 57 ildir səhnədəyəm, xidmətlərim olub. Bunların nəzərə alınacağına inanıram”.
Qeyd edək ki, Xalq artisti ötən ilin yanvarında insult keçirmiş, daha sonra müalicə olunmuşdu. May ayında isə onun qolu sınmışdı.