Azərbaycan.media xəbər verir ki, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Elmi Şurasının 26 dekabr 2025-ci il tarixli qərarı ilə “Dünya tarixində Azərbaycan dövlətçiliyi” adlı yeni kitab çapdan çıxıb.
Əsərin müəllifi AMEA-nın müşaviri, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudovdur.
Kitabda Azərbaycanın zəngin dövlətçilik tarixi ümumdünya tarixi kontekstində araşdırılır və ilk dəfə olaraq dövlətçilik tariximiz müəyyən dövrlərə bölünür. Bu dövrlər ən qədim zamanlardan başlayaraq İslamdan əvvəlki mərhələni, İslamdan sonrakı dövrü, Rusiya işğalları mərhələsini, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, sovet hakimiyyəti illərini, həmçinin Heydər Əliyev və İlham Əliyev dövrlərini əhatə edir.
Nəşrdə Manna dövləti, Atropatena, Albaniya, eləcə də Sacilər, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar dövlətləri barədə geniş məlumat verilir. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən mühüm hadisələr, o cümlədən Bakının azad olunması xüsusi vurğulanır.
Kitabda ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrinin qorunmasındakı rolu və Prezident İlham Əliyevin dövründə əldə olunan uğurlar, xüsusilə Qarabağ Zəfəri və ölkənin suverenliyinin tam bərpası ayrıca qeyd olunur.
Müəllif vurğulayır ki, Azərbaycanın dövlətçilik tarixi 5 min ildən artıq dövrü əhatə edir və bu baxımdan dünya tarixində nadir nümunələrdən hesab olunur.
Qeyd edək ki, nəşrin baş elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, elmi məsləhətçiləri professor İbrahim Zeynalov və dosent Güntəkin Nəcəfli, rəyçiləri Mehman Abdullayev və Sayad Mehdizadədir. Elmi redaktorlar Sevinc Məlikzadə, Nazim Xəlilov və Elnur Nəciyev, dizayner və texniki redaktor Mehri Xanbabayeva, korrektoru isə Alidə Quliyevadır.
