Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasında Ukrayna böhranı əvvəlki prioritetliyini qismən itirib.
“Politico” nəşrinin Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata görə, administrasiya rəsmiləri Ukrayna ilə bağlı son müzakirələrin nə vaxt keçirildiyini xatırlamaqda çətinlik çəkirlər.
Bildirilir ki, Yaxın Şərqdə artan gərginlik Vaşinqtonun diqqətini bu regiona yönəldib. Xüsusilə İran məsələsi hazırda ABŞ üçün əsas fokus nöqtəsinə çevrilib.
Mənbələrin sözlərinə görə, Trampın Ukrayna üzrə əsas sözçüsü hesab olunan Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner fəaliyyətlərinin böyük hissəsini İranla bağlı məsələlərə ayırırlar. Bununla yanaşı, onların Moskva və Kiyevlə məhdud əlaqələri davam edir.
Qeyd olunur ki, ABŞ prezidentinin Ukrayna məsələsinə marağının azalmasının səbəblərindən biri də Avropa ölkələri ilə münasibətlərin gərginləşməsidir. Avropa dövlətlərinin İrana qarşı mümkün hərbi əməliyyatlar və Hörmüz boğazı ilə bağlı məsələlərdə Vaşinqtonu dəstəkləməməsi Trampın narazılığına səbəb olub.
Buna baxmayaraq, Ukrayna böhranının həlli hələ də ABŞ administrasiyası üçün vacib istiqamətlərdən biri hesab olunur, lakin Yaxın Şərqdəki hadisələr bu mövzunu arxa plana keçirib.
