🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

HALALLIĞIYLA UCALAN İNSAN- HEYDƏR ZEYNALOĞLU – Günel Natiq yazır

Azərbaycan Radiosu nəhəng sənət məbədidir. Bu məbəddən gəlib-keçmiş qələm adamlarının sırasında  ömrünün 44 ilini radioya həsr etmiş Əməkdar mədəniyyət işçisi və Qızıl qələm mükafatı laureatı Heydər Zeynaloğlunun da imzası var.

…Qayğılı gözlərindən nigarançılıq oxunan bəstəboy bir adam işə tələsir. Küləkli bir gündür, amma o, küləyə qarşı gedir, necə ki, yolundakı səddlərin üstünə getmiş, iradə və əzmiylə maneələri yenmişdi. Uşaqlıq illərində çətinliklər yaşayan bu adam dərdlərini heç kimə bəlli etmədən öz ayaqları üstündə durmağı öyrənmişdi.

Bəlkə də, Heydər Zeynaloğlunun ədəbiyyat sevgisi, içindəki dərdləri dilləndirmək istəyindən baş alıb gəlirdi. “Maqnitafon”, “Sahil adamları”, “Ömrün bir günü” hekayələri, “Torpağı sanı yaşa” povesti onu istedadlı, dilin zənginliyinə bələd olan bir nasir kimi tanıtmışdı. Sonra tale onu Azərbaycan Radiosuna gətirmişdi. O zamanlar universiteti yenicə bitirmiş bir gəncdi. Neft Daşlarından hazırladığı reportaj o qədər bəyənilmişdi ki, onu birbaşa “Xəbərlər” redaksiyasına işə götürmüşdülər. Heydər Zeynaloğlu tez bir zamanda “Xəbərlər”in dilini mənimsəmiş və özünəməxsus dəqiqliklə operativ reportajlar hazırlamağa başlamışdı. Sanki ədəbiyyata olan sevgi radioya olan hüsn- rəğbətlə qarşılaşmış və bu mübarizədən sonuncu qalib çıxmışdı. Oxucular üçün itki, dinləyicilər üçün mənəvi qazanc idi. Gözəl bir nasir ədəbiyyatdan çəkilib getsə də, onun yerini peşəkar bir jurnalist tutmuşdu. Uzun illər boyunca radioya təmənnasız sevgisini işiylə, əməliylə, insanlığı, halallığıyla ifadə etmişdi.

Azərbaycan Radiosunda Heydər Zeynaloğluyla bərabər komissiya heyətində çalışmış şair-publisist Qorxmaz Şıxalıoğlunun dediklərindən:

“Mən Heydər müəllimi radioya gəlməzdən əvvəl tanıyırdım. Televiziyanın “İctimai siyasi proqramlar” redaksiyasında işləyirdim. Təxminən 1992-ci il idi. Həmin vaxt Heydər müəllimi bizim redaksiyaya baş redaktor təyin etdilər. Adətən radioda işləyənlər televiziyaya keçməyi arzulayırlar. Amma Heydər müəllim radionu televiziyanın şan-şöhrətindən üstün tutub “Məni bura təyin etsələr də, radioda işləmək istəyirəm, ora mənə çox doğmadır” deyirdi. Doğrudan da televiziyada çox işləmədi, bir neçə aydan sonra radioya qayıtdı və ən əsas məsuliyyətli redaksiya olan “Xəbərlər”də uzun illər baş redaktor kimi çalışdı.
Sonralar komissiya heyətində bərabər çalışır, bir otaqda otururduq. Heydər müəllim öz işinin ustası, peşəkarı idi, gözəl qələmi vardı. Hər şeydən əvvəl isə o, təmiz mənəviyyatı, əxlaqı ilə seçilən insan idi. Ona görə hamının hörmətini qazanmışdı. İnsanın ən gözəl xüsusiyyəti məsuliyyət hissidir. Heydər müəllimdə özünə, işinə hörmət vardı, ona görə gördüyü işə olduqca məsuliyyətlə yanaşırdı. Düz adam idi, onun mayası düzlükdən yoğrulmuşdu, heç vaxt nahaq söz deyə bilməzdi. Kollektivdə yüzlərlə adam var, kimi dindirsəz, onun haqqında ancaq gözəl sözlər deyəcək”.
Heydər Zeynaloğlunun bədii yaradıcılığını söz sərrafları yüksək qiymətləndirirdilər. Və xoş sözlərin içində həmişə bir təəssüf işartısı da olurdu. Onun şəxsində gözəl bir nasiri itirmişdilər. Heydər Zeynaloğlunun ilk hekayələri Seyran Səxavətin də nəzərindən yayınmamış, ustad yazıçının dəyərini qazanmışdı. Seyran müəllim Heydər Zeynaloğlunu belə xatırlayır:

“İnsanın həyatında, ömründə- günündə ünsiyyətdə olduğu elə insanlar var ki, onlar heç vaxt xatirəyə çevrilmirlər. Mənim elə dostlarımdan biri də Heydər idi. Çox yaxın dost idik. Mən onu həmişə yaxşı görmüşəm, diri görmüşəm, tərbiyəli, əxlaqlı görmüşəm. Qısa zaman kəsiyində bir-birimizə elə ərkimiz yarandı ki, bu günün cavanları bundan sonra 50 il də dost olsalar, bir- birinə elə ərki olmayacaq. Ərk- qarşılıqlı güzəştdən, qarşılıqlı məhəbbətdən, qarşılıqlı darıxmadan yaranan bir ovqatdır. Heydər tez tez redaksiyaya gəlirdi, mən onu çap edirdim, bu onun halal haqqıydı. Mən onda sərtlik görmədim, bir az da mələk kimi adamdı.

Heydər Zeynaloğlu yaradıcılığına gəlincə, onun hikkəsiz, təmənnasız bir həyat sevgisi vardı. Və bu özünəməxsus idi. Onun hissləri ildırım kimi çaxmırdı, bütün bunlar onun bütün yazılarında, cümlələrində, dialoqlarında, obrazların biri- birinə olan münasibətində duyulurdu”.

Heydər müəllimin bədii yaradıcılıqdan uzaqlaşmasının səbəbi vardı. Radio davamlı axtarış, yeni ideyalar, tələb edir. Xüsusilə “Xəbərlər” kimi daim yeniləşən informasiya axınını lazimi məcraya yönəldən bir redaksiyaya rəhbərlik etmək heç də asan iş deyildi.

Bu iş səhər erkəndən günün sonunadək qaynar, gərgin iş rejimi tələb edirdi. Ən son məlumatları, informasiyaları saf çürük edib dinləyicilərə ən operativ şəkildə çatdırmaq üçün fədakar baş redaktor ilk xəbərlər bülleteninin efirə getdiyi andan, sonuncu bülleten efirə verilənədək redaksiyada öz yerində olurdu. Gününün çoxu elə işdə keçirdi. Amma bir dəfə də olsun giley-güzar etməz, bütün vaxtını radioya həsr etməkdən zövq alardı.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin fəaliyyətinin bir neçə ili Azərbaycan Radiosuyla bağlı olub. Onu radioya cəlb edənlərin arasında ustad qələm adamı Heydər Zeynaloğlu da vardı:

“Mən vaxtilə Azərbaycan radiosuna dəvət alanda çox da tərəddüd eləmədim, çünki radioda yazılarından və bəzilərini isə şəxsən tanıdığım qələm sahibləri çalışırdı. Eldar Baxış, Vaqif Bayatlı, Mövlud Süleymanlı, Məmməd Oruc, İsa İsmayılzadə, Saday Budaqlı, Əhməd Oğuz və s.

Qiyabi tanıdığım adamların içində Heydər Zeynaloğlu da vardı. Mən çox- çox illər qabaq “Ulduz” jurnalında onun hekayələrini oxumuşdum. Radioda Heydər müəllimlə şəxsən tanış olduq. Mən işinə bu qədər bağlı tək- tük adamlar görmüşəm həyatda. Son dərəcə təvazökar, abırlı, ləyaqətli bir insan idi.

1996-cı ildə televiziyanın pavilyonunda onun 50 illik yubileyi keçirildi. Heydər müəllimin şəninə çox xoş sözlər deyildi. O da utana utana o sözlərə qulaq asırdı. Görünürdü ki, təriflərdən çox sıxılır. Orda mənə də söz verildi. Dedim ki, Heydər müəllim bütün həyatını xəbərlərə həsr edib. Daim gərgin işdə çalışdığından xeyli yaşlı görünür. Və radio üçün xidmətləri öz qiymətini almayıb. Heydər müəllim mənə yüngülcə etiraz edib dedi ki, o bunu hansısa mükafat üçün etmir. Amma mən yenə o fikirdəyəm ki, bütün dövrlərdə elə insanlar var- namuslu, istedadlı, ləyaqətli və utancaq- onlar nə sağlığında, nə də ölümündən sonra öz qiymətlərini almırlar. Mən istərdim ki, Heydər müəllim həmişə xatırlansın, anılsın. Ancaq bir şeyə görə- o buna layiqdir- öz həyatıyla, yaradıcılığıyla, sənətinə olan məşəqqətli sevgisiylə…”

Azərbaycan radiosu Heydər müəllimin taleyində həm də ona görə böyük rol oynamışdı ki, o, ömür-gün yoldaşı Zəhra xanımla bu doğma məkanda tanış olmuşdu. Örnək bir ailə idilər. Bir birinə hörmət duyan ata, ana və üç gözəl övlad: Tural, Anar və Aysel. Anar həkimdir, Aysel kinoşünas. Tural isə əvvəlcə iqtisadçı olmağa qərar versə də, Heydər müəllimin öz övladları arasında davamçısının görmək istəyi onu jurnalistikaya gətirmişdi. Tural atasının onun həm sənət, həm də həyat müəllimi olduğunu deyir:
“Ata hər bir övlad üçün müqəddəsdir. Atam mənə, qardaşıma və bacıma ilk növbədə dost olub. Böyük qardaş olub, sirdaş olub. Adətən övladlar anaları ilə məsləhətləşir, sirlərini analarıyla bölüşür, bizdə tam əksinə idi. Yadıma gəlməzdi ki, atam bizə acıqlansın, ya əl qaldırsın. Bizə həmişə dürüst olmağı, heç vaxt haram tikəyə baxmamağı, haram tikəyə əl uzatmamağı tövsiyə edirdi. Deyirdi, çalışın heç kimin yanında gözükölgəli olmayın. Şükürlər olsun ki, atamızın təmiz adını qoruyub saxlamışıq, bu bizim üçün həyatda ən böyük hədiyyədir”.

Azərbaycan Radiosunun xatirələri çözələnəndə hər zaman bu tablo da göz önünə gələcək: nigarançılığı gözlərindən oxunan bəstəboy bir adam radionun binasına tələsir. Səhərin şəfəqləri hələ binanın üzərindən çəkilməsə də, o, gərgin və narahatdır, çünki hər dəqiqə onun üçün çox dəyərli idi. Çünki efir onun üçün ali və müqəddəs dəyərlərlə ölçülürdü. Çünki o, radio uğrunda şan- şöhrətdən imtina edib bir təmiz ad qazanmışdı- peşəkar radio jurnalisti Heydər Zeynaloğlu.

Müəllif: Günel Natiq
Azərbaycan.media