Azərbaycan.media xəbər verir ki, AZƏRTACa Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 25 və 26-da ölkə ərazisində qeydə alınan 90 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bildirilib ki, axtarışda olan ümumilikdə 61 nəfər saxlanılıb. Onlardan 30-u borclu şəxs qismində, 11-i ailə üzvlərinə məlumat vermədən yaşayış ünvanını tərk etdiyinə görə itkin kimi, 10-u isə dələduzluq ittihamı ilə axtarışda olub.
Həmçinin narkotiklərlə bağlı 39 fakt aşkarlanıb. Ümumi çəkisi 7,5 kiloqramdan artıq narkotik vasitə və 18 min 85 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar edilərək götürülüb.
Bundan başqa, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Paytaxt və respublikanın müxtəlif rayonlarında 1 avtomat silahı, 1 tapança, 6 tüfəng və 580 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Məlumata görə, cinayət törətməkdə şübhəli bilinən daha 82 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.
