Azərbaycan.media xəbər verir ki, minatəmizləmə fəaliyyəti zamanı həlak olmuş şəxslərin övladlarının təhsil xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı dəyişiklik “Təhsil haqqında” qanuna əlavə edilib.
Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, minatəmizləmə fəaliyyəti zamanı həlak olmuş minatəmizləyənlərin övladları mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla (əlavə təhsil istisna olmaqla) təhsil aldıqları müddətdə təhsil haqqından azad ediləcək. Xərclər dövlət büdcəsinin vəsaiti hesabına qarşılanacaq.
Qanun layihəsinin keçid müddəalarına uyğun olaraq, bu dəyişiklik 2026-cı il sentyabrın 15-dən tətbiq ediləcək. Eyni zamanda, norma qanunun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyəti zamanı həlak olan və ya aldığı xəsarət nəticəsində həyatını itirən minatəmizləyənlərin övladlarına da şamil olunacaq. Bu güzəşt 23 yaşadək olan şəxsləri əhatə edəcək.
Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
