Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesinin yaxın vaxtlarda davam etdiriləcəyini bildirib.
Paşinyan bu fikirləri Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizəsi Günü münasibətilə keçirilən tədbirdə səsləndirib. O qeyd edib ki, hazırda Azərbaycanla sərhədin təxminən 12 kilometrlik hissəsi delimitasiya və demarkasiya olunub və həmin ərazidə sərhəd xidmətini Ermənistan Sərhəd Qoşunları həyata keçirir.
Baş nazir həmin hissəni “istisna hal” kimi qiymətləndirərək bildirib ki, burada hər iki tərəfin hərbi qüvvələri daha yumşaq rejimdə xidmət aparır:
“Bu 12 kilometrlik hissə Ermənistan-Azərbaycan sərhədinin yeganə hissəsidir ki, burada hər iki tərəfin hərbçiləri dəbilqəsiz, zirehli jiletsiz xidmət edir və silahların daraqları avtomatların üzərində deyil, çantalarda saxlanılır”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, yaxın perspektivdə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin davam etdirilməsi və mərhələli şəkildə yekunlaşdırılması planlaşdırılır.
Paşinyanın sözlərinə görə, gündəlikdə Gürcüstanla sərhədin delimitasiyasının tamamlanması məsələsi də var və bu istiqamətdə artıq tərəflər arasında razılaşmalar əldə olunub.
