Azərbaycan.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə tam orta təhsil səviyyəsində buraxılış imtahanlarının formalaşdırılması ilə bağlı mühüm məqamlara toxunub.
O, “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxışı zamanı xatırladıb ki, 2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi DİM-ə həvalə olunarkən geniş müzakirələr aparılıb. Həmin dövrdə riyaziyyat və Azərbaycan dili əsas fənlər kimi müəyyən edilib, üçüncü fənnin seçimi isə ciddi debatlara səbəb olub.
Məleykə Abbaszadənin sözlərinə görə, həmin ildə təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə üçüncü fənn kimi xarici dilin seçilməsi qərara alınıb:
“Düzünü desəm, o zaman üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Çünki bəzi məktəblərdə xarici dilin tədrisi ya ümumiyyətlə aparılmırdı, ya da yalnız bir-iki il keçilmiş, daha sonra isə müəllim çatışmazlığı səbəbindən dayandırılmışdı. Bu şəraitdə həmin fənnin buraxılış imtahanına daxil edilməsini məqsədəuyğun hesab etmirdik”, – deyə DİM sədri bildirib.
Bununla belə, o qeyd edib ki, zaman keçdikcə bu qərarın düzgünlüyü özünü doğruldub. Onun fikrincə, xarici dil bilikləri gənclərin gələcək təhsil və karyera imkanlarını genişləndirir, onlara yeni perspektivlər açır.
