Azərbaycan.media xəbər verir ki, aprelin 28-də ölkə ərazisində hava şəraitinin dəyişkən olacağı, bəzi bölgələrdə yağıntıların müşahidə ediləcəyi, Bakıda isə əsasən küləkli hava şəraitinin hökm sürəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyinin güclənəcəyi bildirilir.
Paytaxtda havanın temperaturu gecə 9–13°, gündüz isə 13–16° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm-ə yüksələcək, nisbi rütubət 40–50 faiz təşkil edəcək.
Rayonlarda isə hava daha qeyri-sabit olacaq. Bir sıra ərazilərdə arabir yağış yağacağı, bəzi yerlərdə isə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Dağlıq bölgələrdə qar yağması da istisna edilmir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, qərb küləyinin isə bəzi ərazilərdə güclənəcəyi bildirilir.
Rayonlarda temperatur gecə 8–12°, gündüz 15–20°, dağlıq ərazilərdə isə gecə 2–7°, gündüz 7–12° isti arasında dəyişəcək.
