Azərbaycan.media xəbər verir ki, Azərbaycan və dünyanın 12 ölkəsi ənənəvi Novruz bayramını Parisdə YUNESKO-nun mənzil-qərargahında birgə qeyd ediblər.
Tədbirin təşkilatçıları sırasında ölkəmizlə yanaşı Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, Monqolustan və Pakistan çıxış edib.
Açılışda hər 13 dövlətin adından çıxış edən Tacikistanın YUNESKO yanındakı daimi nümayəndəsi Dilşod Kamolzadə Rəhimi Novruzun mənəvi əhəmiyyətini vurğulayıb və qeyd edib ki, bu bayram bütün xalqları birləşdirən mədəni irsin ən mühüm nümunəsidir.
Tədbirdə həmçinin Xalid Əl-Ənani, Fransada akkreditə olunmuş diplomatik korpus, diaspor təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Rəsmi hissədən sonra iştirakçı ölkələr milli musiqi və rəqs nümunələrindən ibarət zəngin proqram təqdim edib. Azərbaycanlı modelyer Leyla Babazadə tərəfindən hazırlanmış milli geyim kolleksiyasının defilesi tədbirin mədəni hissəsinin xüsusi bəzəyi olub. Onun yaradıcılığı qədim ornament və rəmzi formaların müasir estetik baxımdan yenidən təqdim olunması üzərində qurulub və hər geyim tarixin, yaddaşın və mədəni kimliyin daşıyıcısı kimi təqdim olunur.
Eyni zamanda, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan da öz mədəni təqdimatlarını nümayiş etdiriblər. Qonaqlar müxtəlif ölkələrin ənənəvi yeməklərini, o cümlədən Azərbaycan kulinariyasını – dolma, plov və qutabları dadmaq imkanı əldə ediblər.
Qeyd edək ki, Novruz bayramı 2009-cu ildə UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity siyahısına daxil edilib.
