Azərbaycan.media xəbər verir ki, İlham Əliyev “Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı yeni fərman imzalayıb.
Sənədə əsasən, Nazirliyin səlahiyyətləri genişləndirilir. Belə ki, qurum həm strukturuna daxil olan, həm də daxil olmayan tabeli təşkilatlar vasitəsilə müəyyən hallarda torpaq sahələri ilə bağlı rəy verə biləcək.
Dəyişikliklərə görə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, eləcə də meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması zərurəti yarandıqda Nazirlik müvafiq rəy təqdim edəcək.
Bundan əlavə, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, həmin ehtiyatların təsdiq edilmiş həcmi və işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğu da Nazirliyin rəyinə əsaslanacaq.
Eyni zamanda, torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğu da qurum tərəfindən qiymətləndiriləcək.
